2017-07-13
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində təşkil edilmiş konsert

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Azərbaycan və Norveç Səfirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanlı musiqiçilər - Bakı Musiqi Akademiyasının, Norveçin Grieg Academy təhsil müəssisələrinin məzunu və  hazırda  Nyu-Yorkun Manhattan School of Music təhsil müəssisəsində təhsilini davam etdirən  Humay Qasımzadə (fortepiano) və Bakı Musiqi Akademiyasının məzunu Jalə Əliyevanın (violonçel) Azərbaycan və Norveç musiqisindən ibarət konserti təşkil edilmişdir.  Qeyd edilməlidir ki, Humay Qasımzadə və Jalə Əliyevanın, habelə bir sıra dövlətlərdən musiqiçilərin təmsil olunduğu  “NEUAR ENSEMBLE ”qrupu Norveçdə  fəaliyyət göstərir və müxtəlif ölkələrdə musiqi proqramları ilə çıxış edirlər.

Tədbirdə açılış nitqi  ilə çıxış edən səfir Vilayət Quliyev qonaqları salamlayaraq, Azərbaycan-Norveç əlaqələrinə dair fikirlərini bölüşmüş və bu tipli mədəni tədbirlərin qədim tarixə malik Azərbaycan mədəniyyətinin, incəsənətinin tanıdılmasında əhəmiyyətli olduğunu qeyd etmişdir. Səfir Azərbaycan-Norveç münasibətlərinin heç vaxt yalnız neftlə məhdudlaşmadığını, humanitar-mənəvi həyatın müxtəlif sahələrini də əhatə etdiyini xüsusi vurğulamış və bugünkü birgə konsertin də onun bir örnəyi olduğunu söyləmişdir.

Sonra Norveç səfiri Olav Berstad  çıxış edərək, 15 il öncə Norveçin Bakıdakı Səfirliyində çalışdığını diqqətə çatdırmış və fəaliyyəti dövründə Azərbaycanın  zəngin mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini bildirmişdir.  Səfir O.Berstad həmçinin, həmin dövrdə Bakıda təşkil olunan rəsmi tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevlə görüşmək imkanının olduğunu vurğulayaraq, Ulu Öndəri dünya  miqyasında görkəmli siyasi xadim olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinin, incəsənətinin  dərin bilicisi kimi xarakterizə etmiş və  hal-hazırda da ölkəmizdə dövlət səviyyəsində mədəniyyətin, incəsənətin inkişafına xüsusi diqqət ayırdığını söyləmişdir.

İfaçılar konsert proqramına başlamışdan əvvəl bu il  iyulun 4-də Ermənistan  silahlı qüvvələrinin növbəti  təxribat əməlləri nəticəsində həyatını itirmiş iki yaşlı Quliyeva Zəhranın və  nənəsi  Quliyeva Sahibənin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. 

Daha sonra Edvard Qriq, Fikrət Əmirov və başqa klassik və müasir bəstəkarların əsərlərindən parçaların  daxil edildiyi konsert proqramı davam etmişdir.

Tədbirdə Budapeştə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və Norveç diasporunun təmsilçiləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər. Konsert proqramı qonaqlar tərəfindən maraqla qarşılanmış və alqışlarla müşayiət olunmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər