2018-01-29
Azərbaycan Respublikasının Macarıstandakı Səfiri Vilayət Quliyev Macarıstanın Madyarnandor bölgəsindəki Kasteli qəsrinə səfər edib

27 yanvar 2018-ci il tarixində səfir Vilayət Quliyev Macarıstanın Madyarnandor bölgəsindəki Kasteli qəsrində Macarıstanın tanımış siyasi xadimlərinin və diplomatların iştirakı ilə keçirilən “Qlobal çağırışlar-2018” adlı forumda iştirak etmişdir. Antal Ullien-Reviczky Fondunun ənənəvi olaraq hər il təşkil etdiyi Forumda bir qayda olaraq, ötən ilin siyasi yekunları müzakirə olunur və cari ildə ictimai-siyasi həyatın, diplomatiyanın əsas istiqamətləri barəsində fikir mübadiləsi aparılır.

Çoxsaylı qonaqların, siyasi analitiklərin, diplomatların, habelə Macarıstanın sabiq prezidenti Pal Şmittin qatıldıqları toplantını  giriş sözü ilə Antal Ullien-Reviczky Fondunun təsisçisi və prezidenti, Kasteli qəsrinin sahibi xanım Lovice Maria Ullien-Reviczky açmışdır.

Sonra macar krallığının regenti, 1920-1944-cü illərdə Macarıstanı idarə etmiş admiral  Mikloş Xortinin hazırda İngiltərədə yaşayan nəvəsi, tanınmış ictimai xadim İştvan Xorti de Nadybanya, ölkənin sabiq xarici işlər naziri Yanoş Martonyi, Seged arxiyepiskopu doktor Laslo Kiss-Riqo, Hindistan, İtaliya, Yaponiya və Meksikanın   Macarıstandakı səfirləri Rahul Chabbra, Massimo Rustico, Kuni Sato, David Robert Rivas, Macarıstan Baş naziri ofisinin dövlət katibi Sabolç Takaç çıxış edərək, müasir dövrdə Avropa və ümumən dünya üçün təhlükə yaradan hədə və risklər haqqında danışmışlar. Avropa qitəsi üçün təhlükə yaradan amillər sırasında miqrantlar, ekoloji fəlakət, əhalinin azalması və s. problemlərə diqqət yetirilmişdir.

növbəti xəbər əvvəlki xəbər