“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Azərbaycan Respublikasının çağırış yaşlı vətəndaşlarının nəzərinə

Məlum olduğu kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir.

Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, xarici ölkələrdə təhsil alan çağırışçıların təhsil almasını təsdiq edən sənədlər müəyyən edilmiş qaydada leqallaşdırılmalı və ya onlara apostil verilməlidir. Leqallaşdırıldıqdan və ya apostil verildikdən sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

Azərbaycan Respublikası və Macarıstanın “Xarici  rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya tərəfdar çıxdıqlarını nəzərə alaraq, çağırışçıların təhsil almasını təsdiq edən sənədlərə apostil verilməlidir.

Qeyd etmək lazımdır ki, Macarıstanda təhsil haqqında sənədlərə apsotil verilməsi aşağıdakı mərhələləri ehtiva edir:

  • ilk növbədə təhsil haqqında arayış üzərində müvafiq təsdiq qeydinin aparılması yerli notariat ofisinə təqdim edilir,
  • növbəti və yekun mərhələdə apsotilin verilməsi üçün Macarıstanın Milli Notariat Palatasına (Hungarian National Chamber of Notaries - https://mokk.hu/) müraciət olunur.

Qeyd: Macarıstanın təhsil müəssisələrinin sənədləri üzərində Səfirliyin konsulluq bölməsi tərəfindən hər hansı təsdiq qeydinin aparılması və həmin sənədlərə istinadən arayışın verilməsi həyata keçirilmir.  



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti