2015

Elm, təhsil, kitab nəşri

28 yanvar tarixində Budapeştin mərkəzində yerləşən Gellert otelində Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Azərbaycan - Qafqazda parlayan ulduz” kitabının təqdimat mərasimi təşkil edilmişdir. Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə macar alimi, “Avrasiya araşdırmaları” jurnalının baş redaktor müavini xanım Borbala Obruşanskinin və Azərbaycanda fəaliyyət göstərən Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun bərabər yazdıqları, Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri V.Quliyevin redaktoru olduğu kitab oxuculara təqdim olunmuşdur.

31 mart tarixində Azərbaycanın Macarıstandakı səfirliyində Macarıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimdə yazıçı Günel Anarqızının Budapeştdə Azərbaycan və macar dillərində yeni çapdan çıxmış “Qarabağ hekayələri” kitabının təqdimatı olmuşdur.

14 aprel tarixində Azərbaycanın və Türkiyənin Macarıstandakı Səfirliklərinin birgə təşəbbüsü ilə Budapeştdəki Yunis İmrə Mədəniyyət İnstitutunda "Həqiqətin digər üzü: 1915-1918-ci illərdə Anadoluda və Cənubi Qafqazda erməni məsələsi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan və Türkiyə səfirləri Vilayət Quliyev və Şakir Fakılının giriş sözü ilə açılan konfransda Azərbaycan MEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Nigar Gözəlova "1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar arxiv materiallarında", Ankaradakı Bilkənt universitetinin professoru Jeremi Mill Salt isə "1915-ci il hadisələri: tarix üçün qeydlər" adlı elmi məruzələrlə çıxış etmişlər.  

23-26 aprel tarixlərində Budapeştdə Macarıstan Naşirləri və Kitab Satıcıları  Assosiasiyası tərəfindən XXII Budapeşt Beynəlxalq Kitab Festivalı keçirilmişdir. Ənənəvi olaraq hər il keçirilən Festivalda 25 ölkədən 100-dən artıq müəllif, eyni zamanda Macarıstanın 400-ə yaxın ədəbiyyat, elm və sənət adamı iştirak etmişdir. Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin dəstəyi ilə ölkəmizi tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil etmişdir. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları təmsil etmişdir. Azərbaycan stendimizdə ölkəmizin tarixi, Qarabağ, zəngin mədəniyyət və incəsənətimiz, eləcə də turizm imkanları, milli mətbəximiz haqqında Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəfis tərtibatlı 200-ə yaxın kitab sərgilənmişdir.

14 may tarixində Budapeştdə yerləşən Yunis İmrə Mədəniyyət İnstitutunda Azərbaycan və Türkiyə səfirliklərinin, habelə Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə "Soyqırımı həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması" layihəsi çərçivəsində "Soyqırımı: tarixin qara ləkəsi" adlı beynəlxalq elmi konfrans təşkil edilmişdir. Azərbaycan və Türkiyə səfirlərinin, habelə Macarıstan ana müxalifət partiyasının sədri, Macarıstan Parlamentinin üzvü Qabor Vonanın giriş sözü ilə açdıqları tədbirdə Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Seyid Sərtçəlik, İstanbuldakı İnkişaf Universitetinin dosenti Raqib Kutay Karaca ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun məruzəsi dinlənilmişdir. Elmi tədbir çərçivəsində eyni zamanda azərbaycanlı alimin Səfirliyin təşəbbüsü ilə macar dilinə tərcümə olunmuş və ermənilərin həm XX əsrin əvvəllərində, həm də sonunda azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımından bəhs edən "Tarixdən silinməyən qanlı ləkə - soyqırımı" kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Heydər Əliyev mükafatı laureatı Anarın "Seçilmiş əsərləri" Budapeştin "Harmattan" nəşriyyatında nəfis şəkildə çap olunmuşdur. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir Azərbaycan və dünya oxucusunun maraq və diqqətini çəkən əsərləri daxil edilmişdir.

Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Səfərovanın "Üzeyir Hacıbəyli və davamçıları" kitabı Budapeştdə macar dilində nəşr edilmişdir. Əsərin tərcüməçisi indiyə qədər Azərbaycan ədəbiyyatından bir sıra nümunələri çevirən Tamaş Varhegidir. Səfir Vilayət Quliyev kitaba "Dahi bəstəkar. Böyük vətəndaş" adlı geniş müqəddimə yazmışdır. Əsərin "Əlavələr" bölməsində Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilmişdir. Kitab Macarıstanın Ferenç List Musiqi Akademiyasına, habelə musiqi məktəblərinin kitabxanalarına hədiyyə edilmişdir.

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə görkəmli yazıçı və ictimai xadim, diplomat Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş hekayələr” kitabı macar dilində nəşr edilmişdir. Kitabın tərtibçisi Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmlidir. Yazıçının “Şeyx Şaban”, “Bomba”, “Mirzə Səfər”, “Uca dağ başında” və başqa məşhur hekayələrinin yer aldığı kitabı orijinaldan macar dilinə tanınmış azərbaycanşünas alim, Budapeştdəki ELTE Universitetinin dosenti Mariya Keneşi tərcümə etmişdir. Səfir Vilayət Quliyev nəşrə Əbdürrəhim bəy Haqverdiyevin ədəbi və diplomatik fəaliyyətindən söz açan müqəddimə yazmışdır.

Mədəniyyət, incəsənət

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi 31 may tarixində Budapeştin Qəhrəmanlar meydanında təşkil uşaqlar üçün təşkil edilmiş festivalda iştirak etmişdir. 1 iyun Beynəlxalq Uşaq günü münasibəti ilə ərsəyə gətirilmiş festivalda Səfirlik ayrıca guşə ilə təmsil olunmuşdur. Səfirlik tərəfindən yerli və əcnəbi uşaqlar, eləcə də böyüklər üçün hazırlanmış stendlər böyük maraqla qarşılanmışdır, İştirakçılar macar dilində nəşr edilmiş Azərbaycan nağılları kitabı əldə etmiş, bundan əlavə onlar üçün ayrılan hissədə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı rəsm çəkmə müsabiqəsində iştirak etmişdir.

 17 sentyabr tarixində Budapeştdə korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin –Laszlo Batthany Roma Katolik Evinin yeni korpusunun açılış mərasimi keçirilmişdir. Yataqxana tipli yeni korpus Heydər Əliyev Fondu tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində ayrılmış maliyyə yardımı əsasında tikilmişdir. Açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru A.Ələkbərov, Macarıstan Xarici İşlər və Ticarət naziri P.Siyyarto və xanımı, Azərbaycanın Macarıstandakı səfiri V.Quliyev, Macarıstan İnsan Resursları Nazirliyinin Dövlət katibi M.Soltesz, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibinin müavini, J.Çutora, Macarıstan Baş nazirinin xanımı A.Levai, Laszlo Batthany Roma Katolik Evinin direktoru A.Feher, Macarıstan Katolik kilsəsi yepiskopu və Azərbaycan “Müqəddəs Məryəm” katolik kilsəsinin nümayəndəsi əsas qonaq qismində iştirak etmişdir. Açılışda Macarıstan katolik kilsəsi tərəfindən həyata keçirilən dini mərasimdən sonra A.Feher, A.Ələkbərov və P.Siyyarto çıxış etmişdir. Daha sonra Heydər Əliyev Fondunun icraçı direktoru və macar nazir P.Siyyarto yeni yataqxana binasının rəmzi açılışını etmişdir.

10 noyabr tarixində Azərbaycanın məşhur tarzəni, Respublikanın əməkdar artisti, Malik Mansurov, Macarıstanın Miskolç Simfonik Orkestri və məşhur Djabe caz qrupunun iştirakı ilə Budapeştin Bela Bartok adına İncəsənət Sarayında böyük konsert proqramı təşkil edilmişdir. Proqram ərzində M.Mansurov xalq mahnılarımızı böyük ustalıqla səsləndirmiş, Macarıstanın məşhur musiqiçiləri - Tamas Barabas, Attila Egerhazi, Szilard Banai, Zoltan Kovacs, Ferenc Kovacs, eləcə də, Miskolç Simfonik Orkestrinin 50 nəfərlik heyəti ilə birlikdə klassik musiqiləri tarda ifa etmişdir.  Caz və klassik musiqinin sintezi, Azərbaycan xalq mahnıları, Afrika musiqisi elementlərinin təqdim edildiyi konsertdə macar ictimaiyyəti nümayəndələri, yerli jurnalistlər, diaspora üzvləri, ümumilikdə 300-dən çox qonaq iştirak etmiş və proqram böyük maraqla qarşılanmışdır.

23-28 noyabr tarixlərində Budapeştdə dünya miqyasında tanınan macar - amerikan bəstəkarı və dirijor Antal Dorati (1903-1988) adına Beynəlxalq dirijorluq müsabiqəsi keçirilmişdir. Ferenç List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor  Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibinə İtaliya, Fransa, Polşa musiqiçiləri daxil olan münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa) tutmuşdur.

İdman

20 fevral tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində, tarixi “Vigado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilmişdir. Tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda yaşayan azərbaycanlılar iştirak etmişlər.

Regionlararası əməkdaşlıq

18 mart tarixində Şuşa şəhər icra hakimiyyətinin və Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə Macarıstanın Döndöş şəhərində “Şuşa günü” keçirilmişdir. Azərbaycanın erməni işğalı altındakı Şuşa şəhəri ilə Macarıstanın Döndöş şəhəri arasında dostluq və qardaşlıq sazişi imzalandıqdan sonra keçirilən silsilə tədbirlərdə olduğun kimi, bu dəfə də ilk olaraq Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərov və Döndöş şəhər meri Tamaş Keveşin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş təşkil edilmiş, görüşdən sonra XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” ansamblı zəngin konsert proqramı ilə çıxış etmişdir.

Yenilənmə tarixi: 01.07.2019