2019

Elm, təhsil, kitab nəşri

26 yanvar tarixdə Budapeştdə fəaliyyət göstərən Mərkəzi Avropa Universitetində 15-ci ənənəvi Mədəniyyətlərarası Festival keçirilmişdir. Tədbirdə xarici tələbələrin iştirakı ilə milli musiqi və rəqslər nümayiş etdirilmiş, habelə beynəlxalq kulinariya müsabiqəsi təşkil edilmişdir. Adıçəkilən universitetdə təhsil alan Azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini nümayiş etdirmişlər. Həmçinin, Səfirliyimizin nəşr etdirdiyi milli mətbəximizə aid kitab, broşurlar və Azərbaycana aid suvenirlər tədbir çərçivəsində qonaqlara təqdim edilmişdir. Səfirliyin dəstəyi ilə təşkil edilmiş Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 

Fevral ayının 27-də Budapeşt Texnologiya və İqtisadiyyat universitetində “ İnternational Festival 2019  ” adlı tədbir keçirilmişdir. Tədbirə qatılan müxtəlif dövlətlərdən olan tələbələr öz ölkələrinin milli mədəniyyətlərini, mətbəxlərini və turizm imkanlarını nümayiş etdirirmişlər. Tədbirdə iştirak edən Azərbaycanlı tələbələr ölkəmiz haqqında geniş məlumat verərək, eyni zamanda  tanınmış Azərbaycan bəstəkarlarının musiqilərini fortopianoda ifa etmiş və milli rəqslərimizi nümayiş etdirmişlər. Bununla yanaşı, tələbələrimizin təşəbbüsü və səfirliyin dəstəyi ilə   tədbirdə ölkəmizə aid stend quraşdırılmış və həmin stendə nümayiş olunan ölkəmizə aid suvenirlər, habelə Azərbaycan mətbəxi nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. 

23 aprel tarixdə Macarıstan Astronavtika Cəmiyyətinin təşkilatçılığı ilə tanınmış macar kosmonavtı Bela Macarinin xatirəsinə həsr olunmuş tədbir təşkil edilmişdir. Macarıstanın Kistarça qəsəbəsində təşkil olunmuş və astronavtika sahəsində çalışan macar alimlərin, habelə yerli ictimaiyyətin qatıldığı tədbirdə, Macarıstanda səfərdə olan  Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və səfir Vilayət Quliyev iştirak etmişdir. Tədbir zamanı Macarıstan Astronavtika Cəmiyyətinin Baş katibi Attila Hirn çıxış edərək, Macarıstanda astronavtika elminin inkişaf yolları və məşhur macar kosmonavtı Bela Macarinin bu sahədə xidmətlərindən danışmışdır. Attila Hirn çıxışı əsnasında, kosmonavtika sahəsində görkəmli Sovet alimi, həmyerlimiz Kərim Kərimov barədə də fikirlərini bölüşərək, məşhur alimin ötən əsrin 90-cı illərində Macarıstana səfəri zamanı məhz bu xidmətlərinə görə ölkədə böyük hörmət və ehtiramla qarşılandığını bildirmişdir.Tədbirdə çıxış edən səfir Vilayət Quliyev öz növbəsində iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, astronavtika sahəsində də səmərəli əməkdaşlığın təşəkkül tapmasından məmnunluğunu ifadə etmiş və məşhur Azərbaycanlı alim Kərim Kərimovun Vətənin hüdudlarından kənarda bu şəkildə xatırlanmasından qürur duyduğunu qeyd etmişdir. Tədbirin sonunda  astronavtika elminin inkişafında xidmətləri olmuş şəxslərin xatirəsinin anılması məqsədilə “Səma Ağacı”nın dibinə simvolik olaraq torpaq tökülmüşdür. Səfir Vilayət Quliyev məhz bu məqsədlə Azərbaycandan gətirdiyi bir ovuc torpağı həmyerlimiz Kərim Kərimovun xatirəsinə hörmət əlaməti olaraq “Səma Ağacı”nın dibinə səpmişdir.

3 may tarixdə Macarıstanda fəaliyyət göstərən Azərbaycan Macarıstan Gənclər Birliyi (AHYU) və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin birgə təşəbbüsü və Səfirliyin bilavasitə iştirakı ilə bu ölkənin Dunayvaroş Universitetinin kitabxanasında Azərbaycan Guşəsi açılmışdır. 

Azərbaycan Guşəsinin açılış mərasimində Səfir V.Quliyev, 1-ci katib E.Rəhimov, AHYU-nun nümayəndələri – Murad Aslanlı və Abdullah Məmmədli, adıçəkilən universitetin professor-müəllim heyəti, tələbələri və “Azərtac”ın xüsusi müxbiri Vüqar Seyidov iştirak etmişlər.Çıxışlardan sonra Azərbaycan Respublikasının səfirliyi və Dunaujvaroş universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Daha sonra, kitabxanada yaradılmış Azərbaycan kitab guşəsinin önündə açılış rəmzi olaraq qırmızı lent kəsilmiş və kitabxanada, habelə Universitetin əsas binasının foyesində Səfirliyin sifarişi əsasında düzəldilmiş lövhələrin açılış mərasimi təşkil edilmişdir. Azərbaycan Guşəsinin yaradılması istiqamətində səfirlik tərəfindən Dunaujvaros universitetinin nümayəndələri ilə keçirmiş mütəmadi danığıqların nəticəsi olaraq, Guşədə Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi, turizm potensialı, o cümlədən Azərbaycanın dilbər guşəsi Qarabağın və digər bölgələrimizin görməli yerləri və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə dair kitablar nümayiş olunacaq. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi görkəmli publisist, xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” üçcildliyinin macar dilinə tərcüməsini və nəşrini başa çatdırıb. Kitab səfir Vilayət Quliyevin ümumi redaktəsi altında çap olunub. Üçcildliyi macar dilinə tanınmış tərcüməçi Tamaş Varhegi çevirib. Kitab Macarıstanın 150-yə yaxın kitabxanasına, habelə Budapeştdə akkreditə olunan xarici ölkə səfirliklərinə hədiyyə edilib. 

3 iyun tarixdə Macarıstanın ilk kosmonavtı Bertalan Farkaşla M Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində azərbaycanlı tələbələrlə görüş keçirilmişdir. Tədbiri giriş nitqi ilə açan səfir Vilayət Quliyev Sovet ittifaqı Qəhrəmanı, F.Bertalanın həyatı barədə məlumat vermiş və onun 26.05-03.06.1980 tarixlərində Salyut-6 orbital stansiyasına uçuş mühəndisi kimi yollandığını qeyd etmişdir. F.Bertalan öz növbəsində ona həsr edilmiş sənədli filmi nümayiş etdirərək öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdür. O, həmən dövr üçün Macarıstanın “İnterkosmos” proqramında iştirakının böyük bir fürsət olduğunu vurğulamışdır. F.Bertalan  yeddi gün ərzində astronavtlar Leonid Popov və Valery Ryüminlə birgə orbital kompleksdə yaşadığı təəssüratları barədə ətraflı məlumat vermişdir. Onun kosmik gəminin qalxma anından başlayarq yer kürəsinə enişinə dair xatirələri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Mədəniyyət, incəsənət 

6 mart tarixdə Macarıstanın Sekeşfehervar şəhərinin “Rakoçi Ferenç” adına ingilis dili təmayüllü orta məktəbin dəvəti əsasında, səfirliyin 1-ci katibi Emil Rəhimov həmin məktəbi ziyarət etmiş və şagirdlərlə görüşmüşdür. Görüş zamanı şagirdlərə Azərbaycan haqqında geniş məlumat verilmiş və Novruz bayramının rəmzi olan milli şirniyyatlarımızdan ibarət xonçalar səfirliyin adından şagird və müəllim heyətinə təqdim olunmuşdur. 

24-25 fevral tarixində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TURKSOY), Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin, Qazaxıstanın Macarıstandakı səfirlikləri və Budapeştə fəaliyyət göstərən “Yunus Emre” İnstitutunun birgə təşkilatçılığı ilə Qazaxıstanın “Qızıl Orda” simfonik orkestrinin silsilə konsert proqramları təşkil olunmuşdur.

24 fevral tarixdə “Yunus Emre” İnstitutunda və 25 fevral tarixdə Budapeştin məşhur “Duna Palota” konsert zalında təşkil olunan proqramda Macarıstanda səfərdə olan TURKSOY-un Baş katibi Düsen Kaseinov, “Yunus Emre” İnstitutunun prezidenti Şeref Ateş, Azərbaycan, Qazaxıstan və Türkiyənin Macarıstandakı səfirləri, habelə həmin dövlətlərin diaspora nümayəndələri, tələbələr, yerli ictimaiyyətin və bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişdir.

“Yunus Emre” İnstitutunda təşkil olunan proqramda TURKSOY-un Baş Katibi Düsen Kaseinov, “Yunus Emre” İnstitutunun prezidenti Şeref Ateş çıxış edərək, layihə barədə məlumat vermiş, Serbiya, Bosniya və Herseqovinada start götürən konsert proqramının Budapeşt şəhərində uğurla yekunlaşacağına və yerli macar ictimaiyyəti tərəfindən maraqla qarşılanacağına əminliklərini ifadə etmişlər. Sonra “Qızıl Orda” orkestrinin üzvləri çıxış edərək, öz məharətlərini nümayiş etdirmişlər. 25 fevral tarixində Budapeştin “Duna Palota” konsert zalında daha geniş formatda təşkil edilən konsert proqramında anşlaq yaşanmış və istər TURKSOY üzv dövlətlərinə məxsus musiqilər, istərsə də dünya klassiklərinin əsərlərindən parçalar orkestr tərəfindən yüksək ustalıqla ifa edilmişdir. “Yunus Emre” İnstitutunda və “Duna Palota” zalında konsert zamanı adıçəkilən orkestrin üzvü, Azərbaycanlı Çinarə Heydərovanın qanun musiqi alətində fərdi qaydada ifa etdiyi Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət parçalar və xalq musiqilərimiz, o cümlədən “Sarı Gəlin” tamaşaçılar tərəfindən son dərəcə rəğbətlə qarşılanmış və gurultulu alqışlarla müşayiət olunmuşdur. 

9 mart tarixdə  Macarıstanın Peç universitetində “Dünyanın 50 delikatesi” adlı kulinariya kitabının təqdimat mərasimi baş tutmuşdur.

Macarıstanında akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin dəvətli olduğu və 3500-dək qonağın, o cümlədən 80 ölkədən olan tələbələrin qatıldığı  tədbirdə səfir Vilayət Quliyev iştirak etmişdir.

Sözügedən kitabda dünyanın 50 ölkəsinin müxtəlif yeməklərinin reseptləri və həmin ölkələrin milli mətbəxlərinə dair illüstrasiyalı məlumatlar yer almışdır. Səfirliyin adıçəkilən universitet ilə əməkdaşlığı nəticəsində Azərbaycanın milli mətbəx nümunələrindən dolma və ləvənginin resepti kitaba daxil edilmişdir.

Tədbir Peç Universitetinin rəsmi televiziyası tərəfindən lentə alınmışdır. Çəkiliş zamanı, Macarıstanın məşhur qastro-bloqqeri  Zsófia Mautner tərəfindən verilmiş sualları cavablandıran səfir Vilayət Quliyev Azərbaycanın milli mətbəxi barədə geniş məlumat vermişdir. O, qeyd etmişdir ki, zənginliyi və təkrarolunmaz dadı ilə fərqlənən Azərbaycan mətbəxində müxtəlif inqrediyentlər peşəkarcasına istifadə olunur və  Xəzər dənizinin zəngin faunası dəniz məhsullarının da Azərbaycan milli mətbəxində geniş şəkildə istifadə edilməsinə imkan yaradır. Söhbət əsnasında bloqqer Z.Mautner Azərbaycanda dəfələrlə olduğunu qeyd edərək, öz növbəsində Azərbaycan milli yeməkləri barədə  xoş təəssüratlarını bölüşmüşdür.Milli mətbəxlərin nümayişindən sonra səfir Vilayət Quliyev tədbirdə iştirak edən yerli hakimiyyətin nümayəndələri və  Peç Universitetinin rəhbərləri ilə görüşlər keçirmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. 

19 mart tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı və xarici tələbələr qatılmışdır. Tədbirdə çıxış edən səfir Vilayət Quliyev tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırmış və bayramın adət-ənənələri barədə məlumat vermişdir. Səfir xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixinin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışmışdır.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd etmişdir. Bu ölkədə təhsil alan tələbələrimizə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə etmişdir.Tədbirdə Azərbaycan mətbəxinin ləziz xörəkləri, o cümlədən plov, habelə müxtəlif növ Novruz şirniyyatlaımızın bəzədiyi zəngin süfrə açılmış, samovar çayı dəmlənmiş və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanmışdır.

Kino sənayesi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini-Hüquq şöbəsinin müdiri Namiq Qulamovun rəhbərlik etdiyi nümayəndə heyəti 01-04 aprel tarixlərində Macarıstana səfər etmişdir. 2 aprel tarixdə nümayəndə heyətinin ilk olaraq “MaFilm” studiyasının İstehsalat üzrə direktoru İldiko Andrea Ottinger və  “Origo” studiyasının rəhbər şəxsləri-İstehsalat xidmətinin direktoru Mihayi Korom və studiyanın Baş meneceri-Hüquqi məsələlər üzrə direktoru Marta Horvath ilə, 3 aprel tarixdə isə Macarıstanın Dövlət Film Fondunun Beynəlxalq əlaqələr üzrə direktoru Bereczki Csaba və İnsan Ehtiyatları nazirliyinin kinematoqrafiya departamentinin direktoru Robert Halmai ilə görüşləri keçirilmişdir. Görüşlər zamanı Macaraıstan nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, ümumilikdə ölkədə kino sənayesinin keçdiyi inkişaf yolu və bu sahənin mövcud durumu, beynəlxalq əməkdaşlıq və investisiya imkanları, qanunvericilik aktları barədə geniş məlumat vermiş, habelə nümayəndə heyəti studiyaların çəkiliş meydançaları və infrastrukturu ilə yaxından tanış edilmişdir. Azərbaycan nümayəndə heyəti öz növbəsində ölkəmizin kino sənayesi barədə ətraflı məlumat təqdim edərək, hazırda bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən vacib qərarlar qəbul edildiyini diqqətə çatdırmış və bu istiqamətdə uğurlar əldə edilməsi üçün xarici dövlətlərin qabaqcıl təcrübəsindən yararlanmağın əhəmiyyətli ola biləcəyini qeyd etmişlər. Bu xüsusda, Macarıstanın kino sənayesinin son illər ərzində əldə etdiyi nailiyyətlərin maraq kəsb etdiyi bildirilərək, macar təcrübəsindən yararlanmaq və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanmışdır. 

13 aprel tarixdə Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget Universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilmişdir. 2000 qonağın iştirakı ilə keçirilən Beynəlxalq Gecədə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirmiş, habelə kulinariya müsabiqəsinə qatılmışlar. Adıçəkilən universitetdə təhsil alan Azərbaycanlı tələbələr də tədbirdə təmsil olunaraq, zəngin milli mətbəximizin nümunələrini təqdim etmişlər. Səfirliyin hərtərəfli dəstəyi ilə təşkil edilmiş Azərbaycan guşəsində nümayiş olunmuş Azərbaycan haqqında kitab, broşür və digər çap məhsulları tədbir iştirakçılarının diqqətini cəlb etmişdir. 

22-25 aprel tarixlərində Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyətinin Macarıstan İnsan Resursları Nazirliyinin Beynəlxalq məsələlər üzrə Dövlət Katibi xanım Orsolya Paçay-Tomaşiç ilə görüşü baş tutmuşdur. Görüşdə tərəflər humanitar sahədə əməkdaşlığın geniş spektrini müzakirə etmişlər.  Müzakirələr əsnasında həmçinin, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, mədəniyyət mərkəzlərinin açılması, Azərbaycan və Macarıstanın tanınmış şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə görməli yerlərdə, təhsil müəssisələrində büstlərin qoyulması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra tərəflər “Azərbaycan Respublikası Mədəniyyət nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı”nı imzalamışlar. 

Aprelin 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AR-in Macarıstandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə Budapeştdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə AR mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri, Qazaxıstan və İran İslam Respublikasının səfirliklərinin təmsilçiləri, Azərbaycan və Türkiyə diasporunun nümayəndələri, bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr, yerli ictimaiyyətin nümayəndələri və tükoloq alimlər iştirak etmişdir. Rəsmi hissədən əvvəl, Yunus Əmrə İnstitutunun foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılmışdır. Sonra İmadəddin Nəsimi haqqında qısa sənədli film nümayişi olunmuş və tədbirin rəsmi hissəsi başlanmışdır. Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül ilk öncə çıxış edərək, Azərbaycan nümayəndə heyətinin üzvlərini və bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının və dahi şairin yubiley tədbirlərinə rəhbərlik etdiyi institutun ev sahibliyi etməsindən böyük şərəf duyduğunu söyləmişdir.Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən respublikamızda və onun hüdudlarından kənarda “Nəsimi ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır. O, böyük Azərbaycan şairi Nəsiminin ədəbiyyat tariximizdə tutduğu yerdən və mövqedən danışaraq onun bir filosof şair və sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu vurğulamışdr.

Tədbirin ədəbi-musiqili hissəsi orta əsrlər dövrünə uyğun şəkildə tərtib olunmuş səhnədə davam etdirilmişdir. Macarıstanda təhsil alan Azərbaycanlı tələbələr, qardaş Türkiyədən gəlmiş Nəsimisevərlər şairin qəzəllərini səsləndirmiş və macar musiqiçilərinin udda və sazda gözəl ifasının müşayiəti ilə şairin qəzəllərinə bəstələnmiş mahnılar ifa edilmişdir. 

25 aprel tarixdə Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə “Əli və Nino” filmi Budapeşt şəhərində nümayiş etdirilmişdir.  Ekran əsərinin təqdimat mərasimində AR mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, ictimaiyyət nümayəndələri, Azərbaycan diasporasının üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. 

İctimai Televiziya və Radio yayımları (İTV) şirkətinin təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı  səfirliyinin hərtərəfli təşkilatı dəstəyi ilə “Bir Dünya” adlı mədəni layihə Macarıstanda gerçəkləşdirilmişdir. Bu məqsədlə İTV-nin çəkiliş qrupu 23-28 aprel tarixlərdə Macarıstanda səfərdə olmuşdur. Səfər çərçivəsində çəkiliş qrupu səfir Vilayət Quliyevdən, Qardaşlıq Macar-Azəri  Cəmiyyətinin sədri Ramiz Əmirlidən və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrdən müsahibə götürülmüşdür.  Bununla yanaşı, çəkiliş qrupunun Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşmış Dyöndöş şəhərinə və  Vaşad qəsəbəsinə səfəri baş tutmuşdur. İTV-nin nümayəndələrinin səfir və səfirliyin əməkdaşları ilə birgə Vaşad qəsəbəsinə səfər çərçivəsində, məzarı Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin və Qardaşlıq Macar-Azəri  Cəmiyyətinin birgə səyi nəticəsində aşkar edilmiş həmyerlimiz, Sovet İttifaqı qəhrəmanı Mirzə Vəliyevin qəbri ziyarət edilmişdir. Dyöndöş şəhərinə səfər zamanı bu şəhərin keçmiş meri, ölkəmizə isti münasibətləri ilə seçilən Faraqo Laslodan müsahibə götürülmüşdür. Həmçinin, İTV-nin çəkiliş qrupu səfər zamanı, AR mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin Macarıstana səfəri çərçivəsində bu ölkənin İnsan Resursları nazirliyinin Dövlət katibi xanım Orsolya Paçay-Tomaşiç ilə görüşünü, səfirlik tərəfindən təşkil olunan  Nəsiminin 650 illiyi ilə əlaqədar tədbiri və “Əli və Nino ”  filminin nümayişi prosesini  lentə almışlar. 

Yenilənmə tarixi: 01.07.2019