2017-02-27

Xocalı Soyqırımının 25 illiyi ilə əlaqədar Budapeşt şəhərində avtomobil yürüşü keçirilmişdir

Azərbaycan tarixində baş vermiş ən dəhşətli faciələrdən biri, Xocalı Soyqırımının 25-ci ildönümü münasibətilə 2017-ci il fevral ayının 26-da Macarıstanın paytaxtı Budapeşt şəhərinin mərkəzində tədbir keçirilmişdir. Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan tələbələr Budapeştin “Qəhrəmanlar” meydanında əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq toplanmış, şəhərin əsas meydanında çoxsaylı turistlərin və yerli əhalinin məlumatlandırılması üçün Xocalı haqqında şəkil, buklet paylanmışdır. Xocalıda dinc əhaliyə qarşı həyata keçirilmiş amansız vəhşiliklər və dəhşətli cinayətlər haqda macar ictimaiyyəti məlumatlandırılmışdır.

Daha sonra Budapeşt sakinlərinin diqqətini Azərbaycan tarixinin bu faciəli səhifəsinə cəlb etmək məqsədilə şəhər meriyası ilə razılaşdırılmış şəkildə Budapeştdə avtomobil yürüşü təşkil edilmişdir. Üzərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı faciəsi ilə bağlı posterlər olan avtomobillər təxminən iki saat ərzində polis maşınlarının müşayiəti ilə paytaxtın əsas küçə və meydanlarından keçmişdir.

 

Arxiv üzrə axtarış