2018-04-16

Azərbaycanlı tələbələr Macarıstanın Szeget Universitetində keçirilmiş Beynəlxalq Mədəniyyət Gecəsində iştirak ediblər

Cari il 14 aprel tarixdə Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget Universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib. 2300 qonağın iştirakı ilə keçirilən Beynəlxalq Gecədə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirib, habelə kulinariya müsabiqəsində iştirak ediblər. Adıçəkilən universitetdə təhsil alan Azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər.

Müslim Maqomayevin “Azərbaycan” mahnısının canlı ifası ilə çıxışına başlayan Azərbaycanlı tələbələr, Tofiq Quliyevin “Biz mehriban ailəyik” mahnısı ilə gecəyə xoş əhval-ruhiyyə qatıblar. Sonra tələbələrimiz Milli rəqsimiz olan “Yallı” haqında qonaqlara ətraflı məlumat verərək, bu musiqinin sədaları altında rəqs nömrəsi ediblər.

Azərbaycan Respublikasının 100 illiyi ərəfəsində və Səfirliyin dəstəyi ilə təşkil edilmiş tədbir zamanı Azərbaycan guşəsində nümayiş edilmiş Azərbaycan haqqında kitab, broşür və digər çap məhsulları, xüsusilə də milli mətbəximizin nümunələri  tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Arxiv üzrə axtarış