İqtisadi əməkdaşlıq
İqtisadi əməkdaşlığa dair qısa arayış.
Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin yanvarında Macarıstana səfəri və səfər çərçivəsində imzalanmış Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.
İqtisadi əlaqələrin inkişaf etdirilməsində Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyası vacib mexanizm hesab edilə bilər. Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir, Macarıstan tərəfdən xarici işlər və ticarət naziri Peter Siyyartodur. İndiyədək Komissiyanın 10 iclası keçirilmişdir.
Həmçinin, kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir. 2014-cü ilin 11 noyabr tarixində AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycanda Regional Data Mərkəzinin yaradılması sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır. Son dövrdə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq ön plana çıxmışdır.
Enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Macarıstan tərəfi Azərbaycanın təşəbbüsü və bilavasitə yaxından iştirakı ilə gerçəkləşməkdə olan Cənub Qaz Dəhlizinə maraq nümayiş etdirməkdədir. Həmçinin, Azərbaycanın SOCAR və Macarıstanın MOL neft şirkətləri arasında səmərəli əməkdaşlıq mövcuddur. MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlar bloku və Bakı-Tbilis-Ceyhan əsas ixrac neft boru kəməri layihələrində səhmdardır. Macarıstanın MVM şirkəti 2024-cü ildə Şahdəniz yatağının işlənməsi layihəsində pay alaraq ölkə xaricindəki ən böyük investisiyasını həyata keçirmişdir.
İki ölkənin iş adamlarının yaxından iştirakı ilə istər Azərbaycanda, istərsə də Macarıstanda təşkil edilən biznes forumlar da iqtisadi əlaqələrin dərinləşdirilməsinə, ticarət dövriyyəsinin artmasına öz töhfəsini verməkdədir. "Azərbaycan İnvestisiya Şirkəti" ilə Macarıstanın "Hell Energy" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində yeni zavod inşa olunur.
Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə, Mərkəzi Avropa ölkələri, o cümlədən Macarıstan üzrə Ticarət Nümayəndəliyi təsis olunmuş və Nemət Nağdəliyev ticarət nümayəndəsi təyin edilmişdir.
Həmçinin, Macarıstanın Milli Ticarət Evinin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.
Azərbaycan-Macarıstan ticarət dövriyyəsi (milyon ABŞ dollar)
İl |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2014 |
95,9 |
23,9 |
72,0 |
2015 |
27,9 |
27,7 |
0,240 |
2016 |
41,1 |
40,1 |
0,911 |
2017 |
43.2 |
41.34 |
1.9 |
2018 |
67.4 |
65.9 |
1.5 |
2019 |
35.697 |
35.027 |
0.670 |
2020 |
38.8 |
37.7 |
1 |
2021 |
35.16 |
33.37 |
1.79 |
2022 |
47.399 |
45.076 |
2.322 |
2023 |
48.412 |
43.617 |
4.794 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Qeyd: 2014-ci il üzrə Azərbaycandan Macarıstana ixrac olunan məhsulların əhəmiyyətli artımına səbəb bu ölkəyə 71 mln ABŞ dolları həcmində xam neft və xam neft məhsullarının ixracı olmuşdur.
İqtisadi sahədə imzalanmış sənədlər
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Macarıstan Respublikası Gömrük və Maliyyə Mühafizə Xidməti arasında əməkdaşlıq haqqında Protokol - Bakı, 3 fevral 2006;
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Macarıstan Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu - Budapeşt, 22 mart 2007;
- Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş - Bakı, 18 may 2007;
- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Macarıstan Respublikasının İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - Bakı, 18 may 2007;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstan Respublikasının Sosial İşlər və Əmək Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - Budapeşt, 25 sentyabr 2007;
- Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya - Budapeşt, 18 fevral 2008;
- Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş - Budapeşt, 18 fevral 2008;
- Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Macarıstan Respublikasının İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - Budapeşt, 18 fevral 2008;
- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Macarıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - Bakı, 7 iyul 2008;
- Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Macarıstan Respublikasının Nəqliyyat, Telekommunikasiyalar və Enerji Nazirliyi arasında informasiya texnologiyaları və rabitə sahəsində əməkdaşlıq haqqında Saziş - 7 iyul 2008;
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Macar Mərkəzi Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş - 7 iyul 2008;
- Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum - Bakı, 11 noyabr 2011;
- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Macarıstan Respublikasının Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu - Bakı, 11 noyabr 2011;
- Azərbaycan Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş - Budapeşt, 11 noyabr 2014;
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstan Respublikasının Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş - Budapeşt, 11 noyabr 2014;
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş - Budapeşt, 11 noyabr 2014;
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu - Budapeşt, 11 noyabr 2014;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstan Milli İqtisadiyyat Nazirliyi arasında anlaşma Memorandumu - Budapeşt, 05 mart 2016;
- Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstan Respublikasının xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnoloji Ekosistem sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu - Budapeşt, 05 mart 2016;
- Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında Saziş - Vyana, 8 dekabr 2017;