Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Macarıstan Dövlət Qulluğu Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun rəhbərliyi ilə nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində oktyabrın 24-də Budapeşt şəhərində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Macarıstan Dövlət Qulluğu Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır. Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev, DİA-nın Elmi Təşkilat şöbəsinin müdiri Rəcəb Rəhimli və Macarıstan Dövlət Qulluğu Universitetinin professor-müəllim heyəti iştirak etmişlər.
İmzalanma mərasimindən sonra “Səmərəli idarəçilik və davamlı inkişaf naminə dövlət qulluqçularının hazırlanması: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən akademik Urxan Ələkbərov Azərbaycanın tarixi, ölkəmizdə gedən siyasi, iqtisadi proseslər barədə geniş məlumat vermişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi, iqtisadi islahatlar barədə danışan rektor Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu qeyd etmişdir. O, ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdırmışdır. Azərbaycanın qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu sayəsində bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini vurğulayan rektor, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradıldığını diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətinin üstələdiyi vurğulanaraq, bu uğurların kökündə məhz yaxşı idarəçiliyin və dövlət institutlarının, vətəndaş cəmiyyətinin, özəl sektorun fəaliyyətinin kombinasiyasının dayandığı bildirilmişdir. Bu istiqamətdə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.
Dövlət İdarəçilik Akademiyasının fəaliyyəti barədə danışan U.Ələkbərov bu təhsil ocağının müəllimlərinin əksəriyyətinin eyni zamanda ölkənin siyasi idarəçiliyində mühüm rol oynadığını bildirmişdir. Dövlət idarəetmə sistemi istiqamətində aparılan islahatlar, qazanılan uğurlardan bəhs edən rektor bu gün Azərbaycanda çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd etmişdir. Ümummilli lider Heydər Əliyevin ölkədə dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı istiqamətində misilsiz fəaliyyətinə diqqəti çəkən U.Ələkbərov, Prezident İlham Əliyevin müstəqil Azərbaycanda dövlət idarəçiliyinin innovativ inkişafında xidmətlərindən söz açmışdır. Natiq ölkədə insan potensialının formalaşdırılması, bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının fasiləsiz hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin uğurlu nəticələri və əhəmiyyəti barədə fikirlərini də görüş iştirakçıları ilə bölüşmüşdür. Yekunda ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilmişdir.
Sonda, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.