“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 aprel 2018

Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən Sent İştvan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçirilib

Aprelin 26-da Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən və bu ölkənin nüfuzlu universitetlərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda  Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilib. Konfransda Azərbaycan, Rumıniya, Misir səfirliklərinin, habelə Şimali Kipr Türk Respublikasının təmsilçiliyinin, Macarıstanın rəsmi qurumlarının nümayəndələri və 32 ölkədən olan 100-ə yaxın gənc alimlər iştirak edib.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Mixal Vieleçovski iştirak edib.

Tədbir zamanı geniş məruzə ilə çıxış edən səfir Vilayət Quliyev, Azərbaycan ilə Macarıstan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli əlaqələrdən danışıb. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı iki ölkə arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq Proqramı çərçivəsində bu ölkəyə hər il 200-dək Azərbaycanlı tələbələrin təhsil almaq məqsədilə gəldiyini və 2017-ci ilin dekabrında bu sazişin 2020-ci ilə qədər uzadıldığını məmnunluq hissi ilə bildirərək, gələcəkdə həmçinin macar tələbələrini də Azərbaycanda görmək arzusunu ifadə edib. Daha sonra V.Quliyev Azərbaycan Respublikasının zəngin tarixi və mədəniyyəti, Azərbaycan Cümhuriyyətinin yaranması, 23 ay ərzində  mövcud olmuş Respublikanın və Parlamentimizin fəaliyyəti, habelə 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş Azərbaycanın nümayəndə heyəti barədə ətraflı məlumat verib.

Sonda, konfransın yüksək səviyyədə keçirilməsinə görə universitetin rektoruna təşəkkürünü bildirən V.Quliyev bu kimi tədbirlərin hər iki ölkənin elm adamları arasında təmasların genişlənməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Konfrans maraqlı konsert proqramı ilə yekunlaşıb və qonaqlar üçün ənənəvi Azərbaycan şirniyyatlarından ibarət çay süfrəsi təşkil edilib. Tədbirin sonunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. 

Qeyd edilməlidir ki, konfransda iştirak edən gənc alimlərin elmi məqalələrinin Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin elmi jurnallarında çap olunması nəzərdə tutulur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti