Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş gənclər forumu təşkil olunub
17 aprel 2023-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş gənclər forumu təşkil olunub. Eötvöş Mədəniyyət Mərkəzində keçirilən forumda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin, Macarıstana akkreditə olunmuş diplomatik korpusun və Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki Nümayəndəlik Ofisinin nümayəndələri, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan və Moldova diplomatik nümayəndəliklərinin rəhbərləri, elmi-akademik dairələrin, siyasi partiyaların və KİV təmsilçiləri, Azərbaycan diasporasının üzvləri və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Ümummilli Liderin Türk birliyinin formalaşdırılmasına xüsusi əhəmiyyət verdiyi qeyd edilib. Səfir H. Əliyev tərəfindən əsası qoyulan milli strategiyanın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, 44 günlük Vətən Müharibəsində əldə olunmuş böyük qələbənin məhz bu uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında H. Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Gənclər Gününün təsis edilməsinin əhəmiyyəti, eləcə də Ümummilli Lider tərəfindən əsası qoyulmuş və Prezident İ. Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti barədə söz açıb. O, təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin digər Türk dövlətlərinin gənclər təşkilatları ilə həyata keçirilən əməkdaşlığa dair tədbir iştirakçılarına məlumat verib.
Forumda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cavanşir Feyziyev Ümummilli Lider H. Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolu barədə söhbət açıb. C. Feyziyev Ümummilli Lider tərəfindən həyata keçirilən siyasətin türk ölçüsü ilə bağlı ətraflı məlumat verib, müəllifi olduğu “Türk dünyası” kitabı və Türkdilli dövlətlərin müasir dünya siyasətində aparıcı rolu haqqında fikirlərini bölüşüb.
Türkoloq Mariya Keneşi Azərbaycanla Macarıstan arasında təhsil sahəsində hələ SSRİ dövründə əsası qoyulmuş əməkdaşlıq barədə təəssüratlarını paylaşıb. C.Feyziyevin müəlliflik etdiyi “Türk dünyası” kitabını macar dilinə tərcümə etmiş M. Keneşi bu kitabın türk xalqlarının ortaq tarixi və əməkdaşlıq perspektivlərinə dair zəngin məlumatlarını əhatə etdiyini diqqətə çatdırıb.
Daha sonra, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli və Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının prezidenti Ramil Şükürov çıxış edərək H. Əliyevin ölkəmizin gənclər siyasətindəki mühüm rolu barədə danışıblar, eləcə də təmsil etdikləri təşkilatların fəaliyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Forum Bakı Media Mərkəzinin materialları əsasında hazırlanmış, Ümummilli Liderə həsr edilmiş qısa sənədli filmlə yekunlaşıb.
Rəsmi hissədən sonra ziyafət təşkil olunub.