“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 mart 2019

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev ölkə parlamentinin spikeri Laslo Köverlə görüşüb

Cari ilin 14 mart tarixində Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev ölkə parlamentinin spikeri Laslo Köverlə görüşüb. Görüş zamanı iki ölkə parlamentləri arasındakı qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. 2015-ci ildə Bakıya səfərini məmnuniyyətlə xatırlayan Laslo Köver Macarıstanın türkdilli dövlətlərlə əlaqələrini ilbəil genişləndiyini və mühüm prosesdə Azərbaycanın böyük rol oynadığını bildirib. O, Macarıstanın Türk Parlament assambleyasında, Beynəlxalq Türk akademiyasında, Türk Əməkdaşlıq Şurasında müşahidəçi statusuna malik olduğunu, bu ilin mayında isə Budapeştdə Türk Əməkdaşlıq Şurasının ofisinin fəaliyyətə başlayacağını bildirib. Parlament sədrinin fikrinə görə bütün bu əlaqələr Macarıstanı türk dövlətlərinə, ilk növbədə isə Azərbaycana daha da yaxınlaşdırır. Bu istiqamətdə əməkdaşlıq və iş birliyi bundan sonra da davam etdiriləcəkdir.

Görüş üçün minnətdarlığını bildirən Səfir Vilayət Quliyev qarşılıqlı səfərlərin təşkili, Azərbaycan-Macarıstan və Macarıstan-Azərbaycan parlament dostluq qruplarının fəaliyyətinin genişləndirilməsi, iki ölkə parlamentarlarının panavropa qurumları çərçivəsində əməkdaşlığı kimi məsələlərinə toxunub. Səfir eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hazırkı vəziyyətdən bəhs edərək, işğalçı Ermənistanın son zamanlar vəziyyəti daha da gərginləşdirdiyi, açıq anneksiya siyasəti həyata keçirdiyi barədə ətraflı məlumat verib.

Macarıstan parlamentinin sədri Laslo Köver Azərbaycan Respublikası Milli Məclisinin sədrini Budapeştə rəsmi səfərə dəvət etdiyini və ölkəmizdə yeni Parlament seçkiləri keçirilənə qədər bu səfərin baş tutacağına ümid bəslədiyini bildirib.

Səmimi  şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti