Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi bu ölkənin Dunayvaroş Universitetinin kitabxanasında Azərbaycan Guşəsi açıb
Cari il 3 may tarixdə Macarıstanda fəaliyyət göstərən Azərbaycan Macarıstan Gənclər Birliyi (AHYU) və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə təşəbbüsü və Səfirliyin bilavasitə iştirakı ilə bu ölkənin Dunayvaroş Universitetinin kitabxanasında Azərbaycan Guşəsi açılıb.
Azərbaycan Guşəsində səfirliyin müraciəti əsasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetindən əldə edilərək, Dunayvaroş Universitetinə, Azərbaycanlı müəlliflərin Azərbaycan və xarici dillərdə müxtəlif sahələr üzrə 200-yə yaxın tədris vəsaitləri və digər kitablar hədiyyə edilib. Guşədə Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi, turizm potensialı, o cümlədən Azərbaycanın dilbər guşəsi Qarabağın və digər bölgələrimizin görməli yerləri və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə dair kitablar nümayiş olunacaq.
Azərbaycan Guşəsinin açılış mərasimində Səfir V.Quliyev, 1-ci katib E.Rəhimov, AHYU-nun nümayəndələri – Murad Aslanlı və Abdullah Məmmədli, adıçəkilən universitetin professor-müəllim heyəti, tələbələri və “Azərtac”ın xüsusi müxbiri Vüqar Seyidov iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Dunayvaroş Universitetinin Təhsil və Ümumi Məsələlər üzrə Prorektoru xanım Dr. Monika Rayçani-Molnar açaraq, Səfir V.Quliyev və digər qonaqları salamlamış və Universitetin Kitabxanasında Azərbaycan Guşəsinin yaradılmasını universiteti üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Prorektor iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığa toxunaraq, təmsil etdiyi universitetin Azərbaycanın Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq etdiyini böyük məmnuniyyət hissi ilə bildirib.
Sonra çıxış edən səfir V.Quliyev guşənin açılışının əhəmiyyətini qeyd edərək, bu kimi layihələrin elm sahədə əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb. Səfir Dunayvaroş universiteti, habelə Macarıstanın digər ali təhsil müəssisələri ilə Azərbaycan Respublikasının səfirliyi arasında səmərəli əməkdaşlıq qurulduğunu bildirərək, bu istiqamətdə səylərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Həmçinin, V.Quliyev gələcəkdə qarşılıqlı əsasda yaradılacaq belə kitab guşələrində nümayiş olunacaq kitabların hər iki ölkənin tanınmasında mühüm rol oynayacağını bildirib. Bununla yanaşı səfir V.Quliyev həmçinin hər iki ölkənin tələbələrinin bu prosesdə fəal iştirakının önəmli olduğunu qeyd edib.
Daha sonra AHYU-nun nümayəndəsi Murad Aslanlı təqdimatla çıxış edərək, ilk öncə təmsil etdiyi təşkilatı fəaliyyəti barədə danışıb və ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, habelə, multikulturalizm mövzusunda Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər haqqında ətraflı məlumat verib.
Çıxışlardan sonra Azərbaycan Respublikasının səfirliyi və Dunayvaroş universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Daha sonra, kitabxanada yaradılmış Azərbaycan kitab guşəsinin önündə açılış rəmzi olaraq qırmızı lent kəsilmiş və kitabxanada, habelə Universitetin əsas binasının foyesində “Azərbaycan Kitab Guşəsi” lövhələrinin açılış mərasimi təşkil edilib.
Tədbir sonunda Səfir V.Quliyev yerli media nümayəndələrinə müsahibə verib.