“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 mart 2018

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir təşkil edilib

19 mart tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Tədbirdə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı və 50-dək xarici tələbələr qatılıb.

Tədbirdə çıxış edən Səfir V.Quliyev, qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb və bayramın adət-ənənələri barədə məlumat verib. Səfir V.Quliyev xalqımızın zəngin milli köklərinə söykənən və dərin tarixi yaddaşından süzülüb gələn Novruz bayramının YUNESKO tərəfindən qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən mart ayının 21-i tarixin “Beynəlxalq Novruz Günü” elan olunması və Novruzun 3000 ildir ki, Balkanlar, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edildiyi barədə danışıb.

Ölkəmizin son illərdə əldə etdiyi uğurlardan bəhs edən səfir V.Quliyev Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayının hər il artmasını müsbət məqam kimi qeyd edib. Bu ölkədə təhsil alan tələbələrimizin Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılması, qədim tarixə malik zəngin mədəni irsimizin təbliği istiqamətində fəallıq göstərməyi tövsiyə edib.

Həmçinin, səfir V.Quliyev 2018-ci ilin ölkəmiz üçün böyük ictimai-siyasi əhəmiyyət kəsb etdiyini bildirərək, cari il 11 aprel tarixdə Azərbaycan Respublikasının Prezident seçkiləri və 28 may tarixində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlamətdar olduğunu xatırladıb. Səfir Prezident seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradıldığını bildirərək, 11 aprel tarixində tələbələrimizi öz seçki hüququndan fəal istifadə etməyə çağırıb. Bundan əlavə səfir V.Quliyev Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə bağlı səfirlik tərəfindən keçiriləcək silsilə tədbirlər barədə məlumat verərək, tələbələri bu tədbirlərdə yaxından iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılmış, samovar çayı dəmlənmiş və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti