“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 may 2019

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illik yubileyi ilə bağlı rəsmi qəbul təşkil edilib

Cari il 28 may tarixdə Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində rəsmi qəbul təşkil edilib.

200-dək dəvətlinin qatıldığı qəbulda Macarıstanın dövlət və Parlament rəsmiləri, Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpus, yerli ictimaiyyət və KİV-in təmsilçiləri, Azərbaycan Diasporunun nümayəndələri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər.

Macarıstan tərəfini əsas qonaq qismində Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibinin müavini Andraş Baranyi təmsil edib.

Tədbir ilk olaraq Azərbaycan və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Qəbulda çıxış edən Səfir Vilayət Quliyev qonaqları salamlayıb və cari ildə Azərbaycan öz diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyini qeyd etdiyini bildirib. Səfir Azərbaycan dövlətçilik tarixinin ən şərəfli dövrlərindən olan 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının yaranması və fəaliyyəti barədə qısa məlumat verib, o cümlədən Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakının Azərbaycan diplomatiyasının uğurlu başlanğıcı olduğunu vurğulayıb. Səfir V.Quliyev Ə.Topçubaşovun rəhbərliyi altında ilk Azərbaycan diplomatlarının fəaliyyəti nəticəsində 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurasında Azərbaycan Respublikasının müstəqilliyinin de-fakto tanınması haqqında qərar verildiyini qeyd edib. Bundan əlavə, V.Quliyev Bakıda 70-dən çox ölkənin və beynəlxalq təşkilatın diplomatik missiyalarının fəaliyyət göstərdiyini, eyni zamanda Azərbaycanın dünyanın beş qitəsində 76 səfirlik, baş konsulluq və fəxri konsulluqla təmsil olunduğunu diqqətə çatdırıb və bunun Azərbaycan diplomatiyasının uğuru, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artığının bariz nümunəsi olduğunu vurğulayıb.

Sonra, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibinin müavini Andraş Baranyi çıxış edərək bu tarixi və siyasi hadisə ilə bağlı Azərbaycan xalqına Macarıstan hökuməti adından təbriklərini və xoş arzularını çatdırıb. Diplomat iki ölkə arasında mövcud olan münasibətlərə diqqət çəkərək, cari ilin ikinci yarısında bir sıra əhəmiyyətli tədbirlərin baş tutacağını, o cümlədən Türk Şurasının Bakıda keçiriləcək Sammitində Macarıstanın yüksək səviyyədə təmsil olunmasının və Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının planlaşdırıldığını qeyd edib.

Qəbul Azərbaycan mətbəxinin nümunələrin də daxil edildiyi ziyafətlə yekunlaşıb.

     

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti