“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 yanvar 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gəlib.

Yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub. Macarıstan Prezidenti xanım Katalin Novak Prezident İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyev Budapeştin Qəhrəmanlar meydanında naməlum əsgərin məzarını ziyarət edib, məzarın önünə əklil qoyub.

Azərbaycan və Macarıstan Prezidentlərinin təkbətək və geniş formatda görüşləri keçirilib.

Daha sonra, Azərbaycan Respublikası Prezidentinin Macarıstanın Baş naziri Viktor Orbanla məhdud və geniş tərkibdə görüşləri baş tutub.

Görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb:

  • Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə;
  • Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə Macarıstanın Əcnəbilərə Nəzarət üzrə Milli Baş Direktorluğu arasında miqrasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol.

İmzalanma mərasiminin ardından Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər.

Səfər Baş nazir Viktor Orban və xanımı Aniko Levai tərəfindən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən rəsmi naharla davam edib.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri yanvarın 30-da başa çatıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti