“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2017

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatı

26 fevral 2017-ci il tarixində Xocalı Soyqırımının 25-ci ildönümü tamam olur. 1991-ci ilin oktyabr ayından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tam mühasirəyə alınmışdı. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.

Ermənistan silahlı qüvvələri tərəfindən sakinlərin kütləvi öldürülməsi, dərilərinin soyulması, başlarının kəsilməsi, hamilə qadınların süngülərə keçirilməsi və cansız bədənlərin eybəcər hala salınması Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, Ermənistandan da daxil olmaqla çoxsaylı müstəqil mənbələr, yerli və beynəlxalq kütləvi informasiya vasitələri və bu faciənin şahidləri tərəfindən əsaslı şəkildə sənədləşdirilib.

Öz müqəssirliyini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və hazırkı prezidenti Serj Sarqsyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində demişdir: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və London, Nyu York Universiteti Nəşriyyatı, 2003), səh. 172)).

Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüzün fonunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının Ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Dövlət kimi Ermənistan Respublikasının məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququna əsasən silahlı münaqişənin gedişində, eləcə də Xocalıda törədilmiş bu kimi əməllər beynəlxalq cinayət hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

22 aprel 2010-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlibdir.

15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və insanlıq əleyhinə cinayət hərəkətlərinə münasibətdə həqiqət və ədalətin bərpasına dair həmrəyliyini yüksək qiymətləndirir.

Xocalı Soyqırımı öz hüquqi qiymətini almalıdır. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, həmçinin mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcəkdir.

Xocalı Soyqırımının 25-ci ildönümünü anaraq, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Xocalıda uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri və soyqırım aktını pisləməyə və tanımağa çağırır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti