“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 noyabr 2022

Azərbaycanın Macarıstandakı səfiri Debretsen şəhərində bir sıra görüşlər keçirib

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ölkənin ikinci böyük şəhəri və 19-cu əsrin ortalarında paytaxt olmuş Debretsen şəhərinə səfər edib.

Səfər çərçivəsində ölkənin ən böyük universitetlərindən biri sayılan və beynəlxalq təhsil reytinqinə görə Macarıstan universitetləri arasında üçüncü yerdə qərarlaşan Debretsen Universitetinin rektoru professor Zoltan Silvaşi ilə görüş keçirilib. Hazırda 110 ölkədən 6 mindən çox əcnəbi, o cümlədən 72 azərbaycanlı bu universitetdə təhsil alır. Görüş zamanı rektor Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda və azərbaycanlı tələbələrin sayının artırılmasında maraqlı olduqlarını dilə gətirib. Səfir ADA Universiteti ilə “Erasmus+” çərçivəsində əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Bununla yanaşı, həmin əlaqələrin daha də genişlənməsi üçün birgə seminarların təşkili, ADA Universitetinin müxtəlif layihələrində iştirak, eləcə də professor-müəllim heyətinin mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Sonra həmin universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə tələbələr universitet daxilində olan cari çətinliklər və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər. Bununla yanaşı, tələbələrə universitetdə ölkəmizlə bağlı təbliğat işlərində fəallıq göstərmələrinin, o cümlədən yaxın zamanlarda qeydiyyatdan keçəcək, Macarıstanda təhsil alan bütün azərbaycanlı tələbələri ətrafında birləşdirəcək gənclər təşkilatı ilə daim əlaqədə olmalarının vacibliyi barədə məlumat verilib.

Səfər çərçivəsində səfir, həmçinin Debretsen şəhərinin meri, hakim Fides Partiyasının üzvü Laslo Papla görüş keçirib. Mer şəhərin tarixi-iqtisadi göstəriciləri haqqında məlumat verib. O, hazırda şəhərdə gedən böyük layihələrdən, abadlıq işlərindən danışıb, Almaniyanın “BMW” avtomobil şirkətinin zavodunun məhz bu şəhərdə yerləşdiyini diqqətə çatdırıb.

Tahir Tağızadə öz növbəsində yalnız paytaxt şəhərləri arasında deyil, həmçinin region şəhərləri arasında da əlaqələrin yaradılması, birgə iqtisadi, mədəni layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Əməkdaşlıq təklifi mer tərəfindən maraqla qarşılanıb və bu istiqamətdə mümkün addımlar müzakirə edilib.

Budapeşt, 17 noyabr, AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti