Azərbaycanın Macarıstandakı səfirliyi sayca səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib
2 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində təşkil olunmuş sayca səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib. Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Respublikası prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.
Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunub. Azərbaycan milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gəlmiş qonaqlara təqdim edilib.
Yarmarkada iştirak edərək milli guşələrə baş çəkən prezident xanımı A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşıb və Azərbaycan stendi ilə bağlı xoş təəssüratlarını dilə gətirib.
Sözügedən tədbir Macar dövlət televiziyasının “MT1” kanalı tərəfindən geniş şəkildə işiqlandırılmışdır.