“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 may 2018

Azərbaycanın tanınmış fotorəssamı Əqdəs Bağırzadənin Budapeşt şəhərində fərdi sərgisinin açılış mərasimi baş tutub

Cari il 17 may tarixdə Budapeşt şəhərinin tarixi hissəsində yerləşən məşhur qalereyada Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə  tanınmış Azərbaycan fotorəssamı Əqdəs Bağırzadənin fərdi sərgisinin açılış mərasimi təşkil edilib.

Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş və üç gün ərzində davam edəcək sərgidə müəllif dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”  operasının Bakı Kukla Teatrının səhnəsində nümayişi zamanı çəkdiyi maraqlı fotoları nümayiş etdirir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev cari ilin Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olduğunu bildirərək, sərginin məhz tarixi əhəmiyyət kəsb edən bu hadisəyə həsr edildiyini söyləyib. Həmçinin, 2018-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının Bakı səhnəsində ilk nümayişinin 110 illiyinin tamam olduğunu qeyd edən səfir Vilayət Quliyev bu sərgi vasitəsi ilə qonaqların Azərbaycanın qədim mədəniyyəti və musiqisi barədə də məlumat əldə edə biləcəyini diqqətə çatdırıb.

Daha sonra, fotorəssam Əqdəs Bağırzadənin yaradıcılığı barədə qonaqları məlumatlandıran səfir Vilayət Quliyev Azərbaycanda və bir sıra xarici dövlətlərdə onun fərdi sərgilərinin təşkil olunduğunu və nümayiş olunan işlərin seyrçilərin marağını çəkdiyini deyib.

Azərbaycanın görməli yerləri barədə video-rolikin və milli musiqimizin müşayiəti ilə keçirilən sərgi qonaqlar tərəfindən maraqla seyr edilib.

Açılış mərasimində Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və mətbuatın nümayəndələri, habelə Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti