“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 iyun 2022

Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş hibrid konfrans keçirilib

İyunun 21-də Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.

Konfransın açılış hissəsində çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə, tədbirə onlayn qoşulan Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi və Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun direktoru Marton Uqroşdi ölkələrimiz arasında müxtəlif sahələrdə uğurla həyata keçirilən əməkdaşlıqdan söz açıblar və gələcəkdə strateji tərəfdaşlıq əlaqələrinin davam etdiriləcəyinə inamlarını ifadə ediblər.

“Şərqi Avropada geosiyasi vəziyyətin əlaqələrə təsiri, Orta dəhlizin artan əhəmiyyəti, Zəngəzur dəhlizi region üçün yeni ümid mənbəyi kimi” və “Avropada dəyişən enerji geosiyasəti” başlıqlı iki paneldə keçirilən konfransda ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nağı Əhmədov, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutunun, Matias Korvinus Kollecinin, MOL şirkətinin və SOCAR-ın nümayəndələri çıxış ediblər. Ukraynada davam edən müharibə fonunda Xəzər hövzəsinin həm nəqliyyat dəhlizləri, həm də enerji resursları baxımdan artan əhəmiyyəti geniş şəkildə müzakirə edilib.

Beynəlxalq konfransda diplomatik korpus təmsilçiləri, o cümlədən Sloveniya, Qırğızıstan və Gürcüstan diplomatik nümayəndəliklərinin rəhbərləri, Türk Dövlətləri Təşkilatının Budapeşt şəhərindəki nümayəndəliyinin rəhbəri, kütləvi informasiya vasitələri, yerli ictimaiyyət və elmi-akademik dairələrin nümayəndələri, Macarıstanda təhsil alan tələbələr daxil olmaqla 50 nəfər qonaq iştirak edib.

Budapeşt, 21 iyun, AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti