“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 aprel 2022

Budapeştdə Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş foto sərgi təşkil olunub

Aprelin 27-də Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə Budapeştdə Bakı Media Mərkəzi tərəfindən təqdim edilmiş şəkillərdən ibarət foto sərgi təşkil olunub. Sərgidə 50-dən artıq qonaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Səfir ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu dilə gətirib və ikitərəfli əməkdaşlığımızın gələcək inkişafına inamını ifadə edib. T.Tağızadə fəaliyyəti dövründə Azərbaycan və Macarıstan arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə birgə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.

Sərginin açılış mərasimində, həmçinin Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin aparat rəhbərinin müavini Tamaş Torma çıxış edib. O, iki ölkənin Xarici İşlər nazirlikləri arasında uğurlu və qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Sərgidə səfirliyin heyəti, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Protokol idarəsinin rəisi İvan Medvetski, bu ölkənin dövlət qurumlarının, ictimaiyyətinin və KİV nümayəndələri, foto sərginin ərazisində keçirildiyi Budapeşt şəhərinin altıncı rayonunun meriyasının təmsilçiləri, Azərbaycan diasporasının üzvləri, eləcə də Budapeşt şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı, macar və əcnəbi tələbələr iştirak ediblər.

Budapeşt, 27 aprel, AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti