Budapeştdə Azərbaycanın Müstəqillik Günü və Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş tədbir təşkil olunub
Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
Tədbirdə Macarıstan Milli Assambleyasının, Xarici İşlər və Ticarət Nazirliyinin və Müdafiə Nazirliyinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən 20-dən artıq ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Rəsmi hissədə səfir Tahir Tağızadə, Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak (Sandor Lezsak), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov çıxış ediblər.
Çıxışlardan sonra Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” xalq musiqisi qrupunun üzvləri Azərbaycan mahnılarını ifa ediblər. Eyni zamanda, Əməkdar artist, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin rəhbərlik etdiyi, türk dövlətlərini təmsil edən “Yeddi gözəl” musiqi qrupunun üzvlərinin ifaları dinlənilib.