Budapeştdə Zəfər Günü qeyd olunub
Azərbaycanın Macarıstandakı səfirliyində ölkəmizin 44 günlük Vətən müharibəsindəki Zəfərinin 3-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirin əvvəlində iştirakçıların əksəriyyətini təşkil edən Macarıstanda təhsil alan azərbaycanlı tələbələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov arasında onlayn görüş baş tutub. T.Əhmədov azərbaycanlı tələbələrin suallarını cavablandırıb, onların rəy və təkliflərinə münasibət bildirib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə çıxış edərək, tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Səfir 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Ulu Öndərin ölkəmizin tarixindəki əvəzsiz rolundan, xüsusən təhsil sahəsində həyata keçirdiyi siyasətdən danışıb. T.Tağızadə Ulu Öndərin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzaqgörən siyasət nəticəsində Şanlı Ordumuzun ərazi bütövlüyümüzü bərpa etdiyini vurğulayıb. Xankəndidə Zəfər paradının keçirilməsinin qürurverici hal olduğunu diqqətə çatdırıb.
Rəsmi hissədən sonra H.Sarabski adına musiqi məktəbinin gənc və istedadlı şagirdləri Azərbaycan mahnılarını ifa ediblər. Həmçinin tədbir çərçivəsində Heydər Əliyev Fondu və Azərbaycan Dövlət İnformasiya Agentliyinin –AZƏRTAC-ın dəstəyi ilə təşkil olunmuş Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgi qonaqlara təqdim olunub.
Tədbirdə Budapeşt şəhərindəki Azərbaycan Evinin rəhbərliyi, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan diasporasının üzvləri, mətbuat və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Budapeşt, 8 noyabr, AZƏRTAC