“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 sentyabr 2019

Budapeştin hava limanında Azərbaycana aid foto sərgi keçirilir

Cari ilin 4 sentyabr tarixdə Budapeşt şəhərinin Liszt Ferenc adına hava limanının A və B terminallarını birləşdirən gediş-gəlişli foyedə azərbaycanlı foto rəssam Aydın Sadıxovun fərdi foto sərgisinin rəsmi açılış mərasimi keçirilib. Vətənimizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrini nümayiş etdirən foto sərgidə səfir Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyə Cümhuriyyətinin səfiri Əhməd Akif Oktay, habelə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Azərbaycanın bu ölkədəki diaspor təmsilçiləri iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, xüsusi ilə də hazırkı foto sərgi vasitəsi ilə ildə 15 milyon nəfərə xidmət edən Liszt Ferenc aeroportu sərnişinlərinin ölkəmizlə tanış olması imkanı qazanacağı, turistlərin Azərbaycanın görməli yerləri haqqında məlumat əldə edə biləcəyini qeyd edib. Səfir V.Quliyev Macarıstanın WizzAir şirkətinin Bakı şəhərinə və geriyə birbaşa hava reyslərin həyata keçirilməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.

Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler çıxışında belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından onun xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonra foto rəssam Aydın Sadıxov çıxış edərək, fərdi foto sərgisinin təşkilinə görə Səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O,  Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərinin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin də seyrçilərin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu bildirib. Fəaliyyəti zamanı Azərbaycanın qədim tarixi abidələri və füsunkar təbiətini qabarıq şəkildə təqdim etməyə çalışdığını deyən foto rəssam sərgisi vasitəsi ilə bu missiyanı həyata keçirə biləcəyinə inandığını bildirib.

Rəsmi hissədən sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış edilmiş və müəllif hər bir foto barədə ətraflı məlumat təqdim edib.

Bu sərgiyə daxil edilməsi məqsədi ilə Səfirlik Azərbaycan Milli Arxivindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqda fotolar əldə edib və həmin fotolar da nümayiş olunur.

Mərkəzi Avropanın aparıcı dövlətlərindən olan Macarıstanın hava limanında avqustun sonlarından başlayan və sentyabrın sonunadək davam edəcək foto sərgi ölkəmizə turist axınının artmasına müəyyən mənada töhfə vermiş olacaq.

  

  

  

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti