“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 may 2022

Müstəqillik Günü münasibətilə Budapeştdə ziyafət təşkil olunub

Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə Budapeştdə ziyafət təşkil olunub.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin siyasi direktoru, digər dövlət qurumlarının və Macarıstana akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən 45 ölkənin diplomatik nümayəndəliklərinin və Türk Dövlətləri Təşkilatının Budapeşt ofisinin rəhbərləri, elmi-akademik dairələrin, siyasi partiyaların və KİV təmsilçiləri, Azərbaycan diasporasının üzvləri və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr daxil olmaqla tədbirdə 200 qonaq iştirak edib. Tədbir Azərbaycan və Macarıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən səfir Tahir Tağızadə qonaqları salamlayıb və 28 May münasibətilə təşkil olunan ziyafətdə iştiraka görə minnətdarlığını bildirib. O, 1918-ci ildə əsası qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk parlament respublikası olduğunu qeyd edib. Səfir 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 il davam edən işğalına son qoyduğunu vurğulayıb. Aprelin 27-də Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladan T. Tağızadə ölkələrimizin müstəqilliyinin və strateji tərəfdaşlığımızın əbədi olacağına inamını ifadə edib.

Ziyafətdə, həmçinin Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak (Sandor Lezsak) və Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, Azərbaycan – Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli çıxış ediblər.

S.Lejak ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə ümidini ifadə edib. İki ölkənin strateji tərəfdaşlıq münasibətlərini, ölkə liderlərinin və parlament rəhbərlərinin arasındakı xüsusi münasibətlərini, habelə şəxsən Azərbaycan səfiri ilə olan dostluğunu vurğulayan Macarıstan Milli Assambleyasının vitse-spikeri ölkələrimizin son illər elm, mədəniyyət, idman və təhsil sahələrində daha da dərin əməkdaşlığını qeyd edərək hər iki ildən bir keçirilən və bu ilin avqust ayında nəzərdə tutulan türk dünyasının tarixi-mədəni irsindən bəhs edən “QURULTAY”a Azərbaycan Respublikasının Milli Məclisinin spikerinə və vitse-spikerlərinə dəvətini bir daha təsdiqləyib.

Ə.Hüseynli Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi inkişaf yolu, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi zamanı əldə edilmiş nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib. Ə.Hüseynli Macarıstanın ölkəmiz üçün həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatında əsas tərəfdaşlardan biri olduğunu qeyd edib və Vətən müharibəsi dövründə nümayiş etdirilən ədalətli mövqeyə görə öz minnətdarlığını bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni, təhsil, humanitar və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan Ə.Hüseynli parlamentlərimiz arasındakı dostluq münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra “Aypara” xalq ansamblının üzvləri Ədalət Behbudov və Pərviz Fərhadov tar və kamançada Azərbaycan musiqisi nümunələrini ifa ediblər.

Eyni zamanda, ölkəmizin görməli məkanlarını, tarixi abidələrini və müasir dövrünü əks etdirən fotosərgi və video materiallar qonaqlara təqdim olunub.

Rəsmi açılışın ardından qonaqlar Azərbaycan mətbəxinin təamlarını dadmaq imkanı əldə ediblər.

Budapeşt, 28 may, AZƏRTAC

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti