Macarıstan Astronavtika Cəmiyyətinin təşkil etdiyi tədbirdə Macarıstanda səfərdə olan Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və səfir Vilayət Quliyev iştirak edib
23 aprel tarixdə Macarıstan Astronavtika Cəmiyyətinin təşkilatçılığı ilə tanınmış macar kosmonavtı Bela Macarinin xatirəsinə həsr olunmuş tədbir təşkil edilib. Macarıstanın Kistarça qəsəbəsində təşkil edilmiş və astronavtika sahəsində çalışan macar alimlərin, habelə yerli ictimaiyyətin qatıldığı tədbirdə, Macarıstanda səfərdə olan Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və səfir Vilayət Quliyev iştirak edib.
Tədbir zamanı Macarıstan Astronavtika Cəmiyyətinin Baş katibi Attila Hirn çıxış edərək, Macarıstanda astronavtika elminin inkişaf yolları və məşhur macar kosmonavtı Bela Macarinin bu sahədə xidmətlərindən danışıb. Attila Hirn çıxışı əsnasında, kosmonavtika sahəsində görkəmli Sovet alimi, həmyerlimiz Kərim Kərimov barədə də fikirlərini bölüşərək, məşhur alimin ötən əsrin 90-cı illərində Macarıstana səfəri zamanı məhz bu xidmətlərinə görə ölkədə böyük hörmət və ehtiramla qarşılandığını bildirib.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev öz növbəsində iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, astronavtika sahəsində də səmərəli əməkdaşlığın təşəkkül tapmasından məmnunluğunu ifadə edib və məşhur Azərbaycanlı alim Kərim Kərimovun Vətənin hüdudlarından kənarda bu şəkildə xatırlanmasından qürur duyduğunu qeyd edib.
Tədbirin sonunda astronavtika elminin inkişafında xidmətləri olmuş şəxslərin xatirəsinin anılması məqsədilə “Səma Ağacı”nın dibinə simvolik olaraq torpaq tökülüb. Səfir Vilayət Quliyev məhz bu məqsədlə Azərbaycandan gətirdiyi bir ovuc torpağı həmyerlimiz Kərim Kərimovun xatirəsinə hörmət əlaməti olaraq “Səma Ağacı”nın dibinə səpib.