“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 sentyabr 2025

Macarıstanda 27 Sentyabr - Anım Günü ilə əlaqədar onlayn konfrans keçirilib

“2025-ci il 27 sentyabr - Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 26 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) ilə birgə 27 sentyabr - Anım Gününə həsr olunan onlayn konfrans təşkil edilmişdir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir T.Tağızadə Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il ölkəmizdə Anım Günü kimi qeyd edilən 27 sentyabr tarixində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarımızın əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyini bildirmişdir.  

Səfir 44-günlük Vətən müharibəsinin Ermənistanın 30 illik işğalına son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını təmin etdiyini qeyd edərək, onun xalqımız üçün tarixi əhəmiyyətindən danışmışdır. Vətən müharibəsinin və 2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyi vurğulanmışdır.

T.Tağızadə Vətən müharibəsinin başlanması səbəbləri, müharibə dövründə Gəncə şəhəri, Tərtər və Bərdə rayonlarında çoxsaylı mülki şəxslərin ölümünə səbəb olan erməni silahlı qüvvələrinin raket hücumları barədə məlumat vermiş, bu hücumlara beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycan torpaqlarının azad olunmasının Ermənistanın işğal dövründə bu ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən kütləvi şəkildə minaların basdırıldığını, infrastrukturun, eləcə də tarixi, mədəni və dini irsimizin məhv edildiyini, təbii ehtiyatların talan olunduğunu üzə çıxardığı diqqətə çatdırılmışdır.  

Səfir Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsi üçün şərait yaratdığını qeyd edərək, cari ilin           8 avqust tarixində Vaşinqtonda keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün nəticələrindən danışmışdır. Keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesinin və əlaqəli strukturlarının ləğv olunması barədə məlumat verilmişdir.

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasından bəhs edilmişdir.

Macarıstanın ölkəmizin mövqeyinə verdiyi beynəlxalq hüquqa əsaslanan dəstəyin regionda davamlı sülh və sabitliyə nail olunmasına və Avropa təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verdiyi vurğulanmışdır.

Konfransda həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək 27 sentyabr - Anım Günü ilə bağlı fikirlərini bölüşmüşlər.

Keçən il Şuşa və Ağdama səfərini xatırlayan A.Tilki suverenliyə və vətənpərvərliyə verilən önəm, tarixi ilə qürur duymaq xüsusunda Azərbaycan və Macarıstanın oxşar olduqlarını, Azərbaycan xalqının torpaqlarını azad etməsinin nə qədər qürurverici olduğunu anladığını bildirmişdir. Azərbaycan və Ermənistan arasında təmasların məmnunluq doğurduğu qeyd edilmişdir.  

Konfransa Macarıstandakı diplomatik korpusun nümayəndələri (o cümlədən səfirlər), ölkənin aparıcı beyin mərkəzlərinin, Budapeştdəki Azərbaycan Evinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, eləcə də Macarıstanda və digər ölkələrdə təhsil alan azərbaycanlı və xarici tələbələr qatılmışlar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti