Səfir V.Quliyev Macarıstanın Peç universitetində “Dünyanın 50 delikatesi” adlı kulinariya kitabının təqdimat mərasimində iştirak edib
Cari il 9 mart tarixdə Macarıstanın Peç universitetində “Dünyanın 50 delikatesi” adlı kulinariya kitabının təqdimat mərasimi baş tutub.
Macarıstanında akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin dəvətli olduğu və 3500-dək qonağın, o cümlədən 80 ölkədən olan tələbələrin qatıldığı tədbirdə səfir Vilayət Quliyev iştirak edib.
Məlumat üçün bildirmək istərdik ki, sözügedən kitabda dünyanın 50 ölkəsinin müxtəlif yeməklərinin reseptləri və həmin ölkələrin milli mətbəxlərinə dair illüstrasiyalı məlumatlar yer alıb. Səfirliyin adıçəkilən universitet ilə əməkdaşlığı nəticəsində Azərbaycanın milli mətbəx nümunələrindən dolma və ləvənginin resepti kitaba daxil edilib. Hazırda kitabın kütləvi nəşri ilə bağlı işlər davam etdirilir.
Tədbir zamanı səfir Vilayət Quliyev Peç Azərbaycan Cəmiyyətinin sədri Cavid Əhmədov ilə birlikdə Azərbaycanın milli xörəyi – ləvənginin hazırlanma üsulunun nümayişində iştirak ediblər.
Tədbir Peç Universitetinin rəsmi televiziyası tərəfindən lentə alınıb. Çəkiliş zamanı, Macarıstanın məşhur qastro-bloqqeri Zsófia Mautner tərəfindən verilmiş sualları cavablandıran səfir Vilayət Quliyev Azərbaycanın milli mətbəxi barədə geniş məlumat verib. O, qeyd etmişdir ki, zənginliyi və təkrarolunmaz dadı ilə fərqlənən Azərbaycan mətbəxində müxtəlif inqrediyentlər peşəkarcasına istifadə olunur və Xəzər dənizinin zəngin faunası dəniz məhsullarının da Azərbaycan milli mətbəxində geniş şəkildə istifadə edilməsinə imkan yaradır.
Söhbət əsnasında bloqqer Z.Mautner Azərbaycanda dəfələrlə olduğunu qeyd edərək, öz növbəsində Azərbaycan milli yeməkləri barədə xoş təəssüratlarını bölüşüb.
Milli mətbəxlərin nümayişindən sonra səfir Vilayət Quliyev tədbirdə iştirak edən yerli hakimiyyətin nümayəndələri və Peç Universitetinin rəhbərləri ilə görüşlər keçirmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bununla yanaşı, səfir Peç Universitetində təhsil alan 50-dək tələbələrimizlə görüşərək, öz tövsiyələrini vermiş və ölkəmizin təbliği baxımından əhəmiyyətli hesab edilən bu kimi tədbirlərdə gənclərimizi gələcəkdə də fəal olmağa çağırıb.