Şopron Universitetində Azərbaycanla Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr edilmiş tədbir təşkil olunub
Macarıstanın Şopron şəhərində Azərbaycanla bu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə görüşlər və tədbirlər təşkil olunub
AZƏRTAC xəbər verir ki, ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə Avropada meşə təsərrüfatı və ətraf mühit mühəndisliyi sahəsində ön sıralarda olan Şopron Universitetinin dəvəti ilə bu şəhərə səfər edib.
Səfər çərçivəsində diplomat əvvəlcə Azərbaycanın kənd təsərrüfatı, iqtisadiyyatı, şərabçılıq mədəniyyəti və turizm potensialı haqqında universitetin yerli və əcnəbi tələbələrinə mühazirə oxuyub, ölkəmizlə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonra universitetin rektoru Atilla Fabian, Kənd Təsərrüfatı üzrə Regional Şuranın sədri Akos Molnar ilə birgə Şopron Universitetinin məşhur botanika bağında iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Xan çinarı əkib.
Səfər çərçivəsində şəhər nümayəndəliyi, universitetin rəhbər və tələbə heyəti ilə keçirilmiş görüşlərdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həmçinin Azərbaycanın kənd, meşə təsərrüfatı, ətraf mühit mühəndisliyi kimi sahələrdə ixtisaslaşmış universitetləri ilə əməkdaşlığın imkanları müzakirə edilib.
Budapeşt, 26 aprel, AZƏRTAC