“Wizz Air” Bakının nəqliyyat qovşağına çevrilməsi istiqamətində birgə fəaliyyətin aparılmasında maraqlıdır
Aprelin 11-də Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə ilə “Wizz Air” şirkətinin prezidenti Robert Keri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, T.Tağızadə Ukraynada baş verən gərginlik səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin ölkəmizə qayıtmalarına göstərilən dəstəyə görə qarşı tərəfə öz minnətdarlığını bildirib.
R.Keri öz növbəsində mövcud əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib və Bakı şəhərini nəqliyyat qovşağına çevirmək istiqamətində birgə fəaliyyətin aparılmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə tərəflər cari ilin aprelin 27-də Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini nəzərə alaraq, bu münasibətlə səfirlik tərəfindən hazırlanmış loqo və nişanların “Wizz Air” şirkətinin təbliğat materiallarında əks etdirilməsi barədə razılığa gəliblər.
Bununla yanaşı, R.Kerinin yaxın gələcəkdə Bakıya səfəri imkanları müzakirə edilib.
Budapeşt, 11 aprel, AZƏRTAC