Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib
İyunun 1-də Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Huma Quşu” Təhsilə Yardım Fondunun (Fond) təqdimat mərasimi keçirilib.
Tədbirdə akademik və diplomatik qurumların nümayəndələri, xaricdə yaşayan soydaşlarımız, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr, eləcə də media təmsilçiləri iştirak edib. Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri yaşatmaq məqsədilə yaradılıb.
Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan ziyalıları tərəfindən gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən xeyriyyəçilik fəaliyyəti haqqında məlumat verib. T.Tağızadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə həyata keçirilən 2022-2026-cı illər üzrə Dövlət Proqramı vasitəsilə gənclərin xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandıqlarını qeyd edib.
Tədbir Humayın dostları tərəfindən hazırlanmış “Yerin hər zaman görünəcək, Humay” filminin nümayişi, Fondun sədri Şəhla Vəzirovanın fondun fəaliyyəti, layihə və proqramları barədə təqdimatı, Humayın Budapeştdə yaşayan rəfiqələrinin çıxışları və sual-cavab ilə davam edib.
Fond barədə daha ətraflı məlumatı fondun veb-saytından (https://humagushu.az/) əldə etmək olar.
Budapeşt, 1 iyun, AZƏRTAC