Ümumi məlumat
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.
Azərbaycan Respublikasında nikah yaşı - 18 yaş. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir.
Nikahın qeydə alınması üçün tələb olunan sənədlər
Azərbaycan Respublikası vətəndaşları arasında nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin ərizələri;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış (xəstəliklərin siyahısı əlavə olunur);
6. dövlət rüsumunun ödənilməsi barədə qəbz;
7. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).
Nikahın qeydə alınması qaydaları
Müraciət edilməsi qaydası.
Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.
Müraciətə baxılma müddəti.
Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.
Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.
Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Nikahın qeydə alınmasında nikaha daxil olan şəxslərin arzusu ilə digər şəxslər iştirak edə bilərlər. Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir. Ər-arvadın hüquq və vəzifələri konsulluq tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
Nikaha daxil olmağı arzu edən şəxslər müəyyən olunmuş vaxtda gəlmədikdə və gəlməməyin səbəbi üzrlü hesab edilmədikdə nikahın qeydə alınması haqqında ərizə ləğv edilir. Nikaha daxil olmağı arzu edən şəxslər fikirlərini dəyişmədikdə yenidən ərizə verməlidirlər. Konsulluq isə nikahı qeydə almaq üçün yenidən 1 aylıq müddət müəyyən etməlidir.
Nikahı qeyd etmək üçün təyin olunmuş günədək nikahın qeyd edilməsinə qanuni maneələrin olduğu haqqında konsulluğa ərizə daxil olarsa, qeydiyyat təxirə salınır, nikaha daxil olmağı arzu edən şəxslər bu barədə məlumatlandırılır, ərizə verənə ərizəni təsdiq edən sənədli sübutlar təqdim olunması üçün 1 aydan çox olmayaraq vaxt verilir. Nikahın qeydiyyatı üçün maneələrin olmasını təsdiq edən sübutlar təqdim edildikdə isə konsulluq nikahı bağlamaqdan imtina edir və nikaha daxil olmağı arzu edən şəxslərə bu barədə yazılı surətdə bildirir.
Nikahın qeydə alınmasından imtina edilməsi
Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Nikahın bağlanmasına mane olan hallar:
1) yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);
2) övladlığa götürənlər və övladlığa götürülənlər;
3) qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
4) bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
5) ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
6) tibbi müayinədən keçməyən şəxslər;
7) nikahın bağlanması üçün müraciət edən şəxslərdən ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Eyni zamanda nikahın bağlanması üçün müraciət edən şəxslər neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu, nikahın bağlanmasından sonra daşımaq istədiyi soyadı göstərilməli və ərizə blankında göstərilmiş suallara cavab verilməlidir.
Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün
Dövlət rüsumu
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunmuşdur:
1) nikahın qeydə alınması və bu barədəşəhadətnamənin verilməsinə görə - 10 ABŞ dolları
2) xarici ölkələrin VVAQ orqanları tərəfindən nikahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə - 10 ABŞ dolları
3) nikah haqqında akt qeydində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə - 10 ABŞ dolları
Səfirliyin bank rekvizitləri:
Beneficiary name: Embassy of Azerbaijan
Beneficiary bank: "OTP Bank"
Account number: 1176 3055 681 99 887
IBAN: HU50 1176 3055 6819 9887 0000 0000
SWIFT: OTPV HUHB