Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi Saziş

Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş 2014-cü ilin 1 sentyabr tarixində qüvvəyə minmişdir. (bundan sonra “Saziş”). Bu Sazişin məqsədi Avropa İttifaqının (bundan sonra “Aİ”) üzv ölkələrinin və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılılıq prinsipi əsasında sadələşdirməkdir.

 

 Yuxarıda qeyd olunan Sazişlə müəyyən edilmiş viza sadələşdirilmələri aşağıda qeyd olunan Aİ üzv dövlətlərinin vətəndaşlarına münasibətdə tətbiq olunur:

 

 

     Avstriya                    Belçika                    Bolqarıstan

 

     Xorvatiya                  Kipr                        Çex Respublikası

 

     Estoniya                    Finlandiya                Fransa

 

     Almaniya                   Yunanıstan               Macarıstan

 

     İtaliya                         Latviya                     Litva

 

     Lüksemburq              Malta                        Niderland

 

     Polşa                          Portuqaliya                Rumıniya

 

     Slovakiya                   Sloveniya                  İspaniya

 

     İsveç 

                       

Qeyd: Yuxarıda qeyd olunan Sazişlə müəyyən edilmiş viza sadələşdirilmələri Danimarka Krallığı, İrlandiya Respublikası və Böyük Britaniya vətəndaşlarına münasibətdə tətbiq olunmur.

 

Saziş aşağıdakı sadələşdirilmələri müəyyən edir:

 

  1. Çoxdəfəli giriş vizaların rəsmiləşdirilməsi

 

Aİ-nin üzv dövlətlərinin və Azərbaycan Respublikasının aşağıdakı kateqoriya vətəndaşları 5 il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları rəsmiləşdirilməsi üçün üzv dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluqlarına müraciət edə bilər:

  1. a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı  vətəndaşlarını və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarını və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını ziyarət edən ər və ya arvad, yaşı 21-dən aşağı olan və ya asılı olan uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla) və valideynlər (qəyyumlar da daxil olmaqla);
  2. b) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;

Qeyd: Əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır, xüsusilə əgər:

(a) bəndində istinad edilən şəxslərlə bağlı halda, Azərbaycan Respublikasında və ya Üzv Dövlətlərin birində qanuni yaşayan İttifaq vətəndaşlarının və ya Azərbaycan Respublikası vətəndaşlarının qanuni yaşayış üçün icazələrinin etibarlılıq müddəti;

(b) bəndində istinad edilən şəxslərlə bağlı halda, rəsmi nümayəndə heyətinin daimi üzvü statusunun qüvvədə olma müddəti beş ildən az olarsa.

 

Əvvəlki il ərzində ən azı bir viza əldə etmiş və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş Aİ-nin üzv dövlətlərinin və Azərbaycan Respublikasının aşağıdakı kateqoriya vətəndaşları etibarlılıq müddəti bir il olan çoxdəfəli giriş vizaların rəsmiləşdirilməsi üçün üzv dövlətlərin və Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluqlarına müraciət edə bilər:

  1. a) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları məqsədləri ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
  2. b) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
  3. c) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;
  4. d) Üzv Dövlətlərdə və ya Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Üzv Dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşıma və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər;
  5. e) tibbi məqsədlərlə mütəmadi səyahət etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
  6. f) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edərək beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
  7. g) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
  8. h) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edən, universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər; .
  9. i) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
  10. j) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin üzvləri;
  11. k) Azərbaycan Respublikasına və ya Üzv Dövlətlərə mütəmadi səfər edən iş adamları və kommersiya təşkilatlarının nümayəndələri.

Qeyd: əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır.

 

  1. Səfərin məqsədini təsdiq edən sənədli əsas

 

Aşağıdakı kateqoriyadan olan İttifaq və Azərbaycan Respublikası vətəndaşları üçün aşağıdakı sənədlər digər Tərəfə səfərin məqsədini əsaslandırmaq üçün kifayətdir:

(a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa İttifaqı
vətəndaşlarını və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarmı və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını ziyarət edən yaxın qohumlar - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr üçün:

- qəbul edən şəxsin yazılı müraciəti;

(b) 10-cu maddəyə xələl gətirmədən, Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya
Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən bu cür nümayəndə heyətlərinin daimi üzvləri üçün:

- Üzv Dövlətin və ya Azərbaycan Respublikasının və ya Avropa İttifaqının hər hansı qurumunun səlahiyyətli orqanı tərəfindən verilmiş, ərizəçinin yuxarıda göstərilən tədbirdə iştirak etmək üçün digər Tərəfin ərazisinə səfər edən onun nümayəndə heyətinin üzvü və ya nümayəndə heyətinin daimi üzvü olmasını təsdiq edən və rəsmi dəvətnamənin surəti ilə müşayiət olunan məktub;

(c) iş adamları və kommersiya təşkilatlarının nümayəndələri üçün:

- qəbul edən hüquqi şəxs və ya şirkət, təşkilat və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialının və ya Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin dövlət və ya yerli hakimiyyət orqanlarının, yaxud Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfrans və simpoziumların təşkilat komitələrinin müvafiq səlahiyyətli orqan tərəfindən milli qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş yazılı müraciəti;

(d) Azərbaycan Respublikasında və ya Üzv Dövlətlərdə qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Üzv Dövlətlərin əraziləri arasında beynəlxalq yükdaşıma və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər üçün:

- beynəlxalq yol nəqliyyatını təmin edən Azərbaycan Respublikasının milli yükdaşıma şirkəti və ya assosiasiyasının (birliyinin) və ya Üzv Dövlətlərin milli yükdaşıma assosiasiyalarının səyahətlərin məqsədi, marşrutu, müddəti və müntəzəmliyini əks etdirən yazılı müraciəti;

(e) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər üçün:

- qəbul edən universitetin, akademiyanın, institutun, kollecin və ya məktəbin yazılı müraciəti və ya qəbul haqqında şəhadətnaməsi və ya tələbə vəsiqəsi və ya kurslarda iştirak ediləcəyi haqqında şəhadətnamə;

(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər üçün:

- qəbul edən təşkilatın bu tədbirlərdə iştirak üçün yazılı müraciəti;

(g) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət üçün:

- peşəkar təşkilat və ya müraciət etmiş şəxsin işəgötürəni tərəfindən verilmiş, sözügedən şəxsin ixtisaslı jurnalist olduğunu sübut edən və səyahətin məqsədinin jurnalist işinin yerinə yetirilməsi olduğunu əks etdirən və ya jurnalisti peşəkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən şəhadətnamə və ya digər sənəd;

(h) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər üçün:

- Üzv Dövlətlər və ya Azərbaycan Respublikasının qəbul edən təşkilatı, səlahiyyətli orqanları, milli idman federasiyaları və Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və ya Üzv Dövlətlərin milli olimpiya komitələrinin yazılı müraciəti;

(i) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları üçün:

- bu şəhərlərin icra hakimiyyətləri başçılarının/merlərinin yazılı müraciəti;

(j) tibbi məqsədlərlə səyahət edən şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər üçün:

- tibb müəssisəsinin bu müəssisədə tibbi müalicəni və müşayiət olunmanın zəruriliyini təsdiq edən rəsmi sənədi və tibbi müalicəni ödəmək üçün yetərli maliyyə vəsaitinin olması barədə təsdiqləyici sənəd;

(k) Azərbaycan Respublikası və ya Üzv Dövlətlərin ərazisində keçirilən beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri üçün:

- qəbul edən təşkilatın sözügedən şəxsin həmin tədbirdə iştirakını təsdiq edən yazılı müraciəti;

(l) mübadilə proqramları da daxil olmaqla təlim kursları, seminar və konfranslarda iştirak məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün:

- qəbul edən təşkilatın verdiyi yazılı müraciət, şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsinə dair təsdiqedici sənəd və bu təşkilatın qeydiyyatı haqqında dövlət reyestrindən müvafiq dövlət orqanı tərəfindən milli qanunvericiliyə əsasən verilmiş çıxarış;

(m) dəfn mərasimləri üçün səyahət edən qohumlar:

- ölüm faktım, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;

(n) hərbi və mülki qəbiristanlıqları ziyarət üçün:

- məzarın mövcudluğu və qalmasını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;

Qeyd: Müvafiq olunan yazılı müraciətə aşağıdakı bəndlər daxil olmalıdır:

  1. a) dəvət edilən şəxs üçün: adı və soyadı, doğum tarixi, cinsi, vətəndaşlığı, pasport nömrəsi, səfərin vaxtı və məqsədi, girişlərin sayı və zəruri olduqda, dəvət edilən şəxsi müşayiət edəcək ərinin/arvadının və uşaqlarının adları;
  2. b) dəvət edən şəxs üçün: adı, soyadı və ünvanı;
  3. c) dəvət edən hüquqi şəxs, şirkət və ya təşkilat üçün: tam adı və ünvanı və:
    - müraciət təşkilat və ya səlahiyyətli orqan tərəfindən edildikdə, müraciəti imzalamış şəxsin adı və vəzifəsi;

- dəvət edən şəxs Üzv Dövlətin və ya Azərbaycan Respublikasının ərazisində yaradılmış hüquqi şəxs və ya şirkət və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialı olduqda, Üzv Dövlətin və ya Azərbaycan Respublikasının aidiyyəti milli qanunvericiliyi ilə tələb edilən qeydiyyat nömrəsi.

 

  1. Viza ərizələrinə baxılması üçün rüsumlar

 

Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avrodur.

Aşağıdakı kateqoriyalardan olan şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:

(a) Azərbaycan Respublikasının ərazisində qanuni yaşayan Avropa ittifaqı vətəndaşlarının və ya Üzv Dövlətlərdə qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və ya vətəndaşı olduğu Üzv Dövlətin ərazisində yaşayan Avropa İttifaqı vətəndaşlarının və ya Azərbaycan Respublikasının ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülənlər də daxil olmaqla), valideynlər (qəyyumlar da daxil olmaqla), babalar, nənələr və nəvələr;

(b) Üzv Dövlətlər, Avropa İttifaqı və ya Azərbaycan Respublikasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərdən birinin ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən daimi üzvləri;

(c) mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;

(d) fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;

(e) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;

(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;

(g) təcili tibbi müalicə almaq, yaxud qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;

(h) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;

(i) təqaüdçülər;

(j) 12 yaşınadək olan uşaqlar;

(k) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

Qeyd: Üzv Dövlət və ya Azərbaycan Respublikası vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Üzv Dövlətlər və Azərbaycan Respublikası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdır.

  1. Viza ərizələrinə baxılması prosedurlarının müddəti

 

Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul edir. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti fərdi hallarda, xüsusilə ərizə ilə bağlı əlavə araşdırmaya ehtiyac olduqda, 30 təqvim gününə qədər uzadıla bilər.

Qeyd: Ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş, bir qayda olaraq, görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutur. Əvvəlki cümləyə rəğmən, kənar xidmət təchizatçıları viza ərizələrinin, bir qayda olaraq, təxirə salınmadan təqdim edilməsini təmin edirlər. Əsaslandırılmış təxirəsalınmaz hallarda, konsulluq ərizəçiyə öz ərizəsini görüş təyin etmədən təqdim etməyə imkan yarada bilər və ya görüş dərhal təyin edilir.

 

  1. Diplomatik pasportlar

 

Etibarlı diplomatik pasportlara malik olan Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşları hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə vizasız Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin ərazisinə daxil ola, oranı tərk edə və oradan tranzit keçə bilərlər.

 

  1. Digər məsələlər

 

Sazişin 2.2.-ci maddəsinə əsasən  Sazişin müddəaları ilə tənzimlənməyən məsələlərə (vizanı rəsmiləşdirməkdən imtina, səyahət sənədlərinin tanınması, yaşayış üçün kifayət qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma tədbirləri kimi bu) Azərbaycan Respublikasının və ya Üzv Dövlətlərin milli qanunvericiliyi və ya İttifaq qanunları tətbiq edilir.

Arxiv üzrə axtarış