2017

Elm, təhsil, kitab nəşri

May ayının 23-dən 27-dək Azərbaycan MEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komissiyasının sədri, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Budapeştdə səfərdə olmuş, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi Peter Çereşneyş və Macarıstan İnsan Ehtiyatları Nazirliyi dövlət katibinin müavini xanım Pölöskeyi Qaborna, habelə macar həmkarları ilə görüşərək iki ölkə alimləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparmışdır.

Mayın 25-də Budapeştin Andraşi universitetində dünya şöhrətli macar türkoloqu, akademik Georq Xazainin (1932-2016) anadan olmasının 85 illiyi münasibəti ilə beynəlxalq elmi konfrans keçirilmişdir. Andraşi universitetinin rektoru, professor Dietmar Meyerın giriş sözü ilə açdığı beynəlxalq konfransda Macarıstan, Avstriya, Almaniya, Türkiyə, Fransa alimləri türkologiya elminin müasir problemləri və akademik Georq Xazainin türk dillərinin yazılı abidələrinin öyrənilməsi və nəşri işinə töhfələri barədə məruzələr etmişlər.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli iştirak etmişdir.

12 iyun tarixdə Budapeştin Obuda Universitetində “Fəxri professor” adının verilməsi ilə bağlı tədbir keçirilmişdir. 2017-ci ildə “Obuda” Universitetinin Ali mükafatına Azərbaycan Texniki Universitetinin professoru, texniki elmlər doktoru Şahnaz Şahbazova layiq görülmüşdür.

23-27 oktyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun rəhbərliyi ilə nümayəndə heyəti Macarıstana səfər etmişdir. Səfər çərçivəsində oktyabrın 24-də Budapeşt şəhərində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Macarıstan  Dövlət Qulluğu Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

Mədəniyyət, incəsənət

6-8 fevral tarixlərində İnterconsert Hungary Ltd Birliyinin baş direktoru Şandor Salayın xahişi ilə həmin Birliyin bədii rəhbəri xanım İrina Seç Bakıda səfərdə olmuşdur. O, səfər zamanı, Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev tərəfindən qəbul edilmiş, habelə Rus Dram Teatrı, Opera və Balet Teatrı kimi mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olmuşdur.

16-17 mart tarixlərində Bakıda, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Macarıstan baş nazirinin xanımı Aniko Levainin himayəsi altında macar mədəniyyəti günləri keçirilmişdir.

Macarıstan Baş nazirinin xanımının rəhbərliyi ilə 100 nəfərdən çox macar mədəniyyət və incəsənət xadiminin, jurnalistin qatıldığı mədəniyyət günləri çərçivəsində böyük konsert proqramı, sərgi, moda nümayişi təşkil edilmiş, macar şərablarının dequstasiyası keçirilmişdir.

İyulun 11-də Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Azərbaycan və Norveç Səfirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanlı musiqiçilər - Bakı Musiqi Akademiyasının, Norveçin Grieg Academy təhsil müəssisələrinin məzunu və  Nyu-Yorkun Manhattan School of Music təhsil müəssisəsində təhsilini davam etdirən  Humay Qasımzadə (fortepiano) və Bakı Musiqi Akademiyasının məzunu Jalə Əliyevanın (violonçel) Azərbaycan və Norveç musiqisindən ibarət konserti təşkil edilmişdir. 

Budapeştə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, Azərbaycan və Norveç diasporunun nümayəndələri və bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrin iştirak etdiyi konsertdə Edvard Qriq, Fikrət Əmirov və başqa klassik və müasir bəstəkarların əsərlərindən parçalar  ifa edilmişdir.

26 sentyabr tarixdə Budapeştdə yerləşən Tətbiqi Sənət muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə mühazirəçi qismində iştirak edən Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək Azərbaycanın xalçaçılıq sənəti, tarixi və ənənələri barədə ətraflı təqdimat keçirmişdir.

Səhiyyə

11-14 sentyabr tarixlərdə Azərbaycan Respublikası səhiyyə naziri Oktay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Səhiyyə Təşkilatının Budapeşt şəhərində keçirilən 67-ci sessiyasında iştirak etmək məqsədilə Macarıstana işgüzar səfər etmişdir.

4-5 dekabr tarixlərində Azərbaycan Respublikasının Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru v.i.e. İmran Abdullayev “Sağlam qidalanma üçün davamlı qida sistemləri” mövzusunda Budapeştdə keçirilmiş simpoziumda  iştirak etmək üçün Macarıstanda səfərdə olmuşdur.

İdman

29 iyul tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstanın Györ şəhərində keçirilmiş Avropa Yeniyetmələrin XIV Yay Olimpiya Festivalının (European Youth Olimpic Festival) bağlanış mərasimində iştirak etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-un baş katibi, millət vəkili Ağacan Abiyev tədbirdə fəxri qonaq qismində iştirak etmişlər.

02-12 noyabr tarixlərdə Budapeşt şəhərində Kikboksinq üzrə kişi və qadınlar arasında WAKO versiyası üzrə dünya Çempionatı keçirilmişdir. Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Millət vəkili Adil əliyevin rəhbərliyi ilə Azərbaycanlı idmançılar da iştirak etmiş və 1 idmançımız 1-ci yerə, 2 idmançımız isə 2-ci yerə layiq görülmüşdür.

Yenilənmə tarixi: 01.07.2019

Arxiv üzrə axtarış