Son 5 il ərzində əsas ikitərəfli hadisələr haqqında qısa məlumat

Azərbaycan-Macarıstan münasibətləri pozitiv dinamikaya malikdir və  yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və bütün sahələrdə əməkdaşlıq inkişaf etməkdədir, yüksək səviyyədə siyasi dialoq aparılır. Ümumi tarixi kökləri olan və oxşar tarixi hadisələri yaşamış hər iki xalq hazırda ikitərəfli əlaqələrinin ən yaxşı dövrlərindən birini yaşayır. Bu əlaqələr özünü daha çox siyasi, iqtisadi, humanitar, elm və mədəniyyət, təhsil sahələrində göstərir.

2014-cü ilin 10-11 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana işgüzar səfər etmişdir. Səfər çərçivəsində  8 sənəd, o cümlədən “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Səfər çərçivəsində həmçinin iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçirilmişdir.

2016-cı ilin 05-06 mart tarixlərində Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra sənədlər imzalanmışdır.

Azərbaycanla Macarıstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası birgə Komissiya fəaliyyət göstərir.

Azərbaycan tərəfindən Hökumətlərarası birgə Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstan tərəfindən həmsədr xarici işlər və ticarət naziri Petr Siyyarto-dur.

Hökumətlərarası birgə Komissiyanın indiyədək 6 iclası keçirilmişdir. Növbəti 7-ci iclasın Budapeşt şəhərində keçirilməsi nəzərdə tutulur.

İki ölkənin Parlamentləri arasında da əməkdaşlıq davam etdirilməkdədir və qarşılıqlı səfərlər həyata keçirilir.

2015-ci ilin 15-18 may tarixlərində AR Milli Məclisi sədrinin 1-ci müavini Z.Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti NATO PA-nin yaz sessiyasında iştirak etmək məqsədilə Macarıstana səfər etmişdir.

16-19 iyun 2015-ci il tarixlərdə Macarıstan Parlamentinin Sədri Laşlo Koverin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Hər iki ölkənin parlamentlərində dostluq Qrupu mövcuddur. Azərbaycan tərəfdən parlamentlərarası dostluq Qrupunun rəhbəri Milli Məclisin üzvü Xanhüseyn Kazımlı, Macarıstan tərəfdən Qrupun rəhbəri Gergey Farkaş-dır (Gergely Farkas)

2013-cü ilin 29 may tarixində Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun  əvvəlki həmsədri M.Döndösü və “Yobbik” partiyasının sədri Q.Vona Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir.

2013-cü ilin 14-15 iyun tarixlərində Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun həmsədri sədri X.Kazımlının rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər etmişdir.

Xarici işlər nazirlikləri arasında da əməkdaşlıq intensiv xarakter daşıyır. 2014-2019-cu illərdə AR xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana 3, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto Azərbaycana 4 səfər etmişdir.

Həmçinin, beynəlxalq tədbirlər çərçivəsində də xarici işlər nazirlərinin ikitərəfli görüşləri baş tutur.

Yenilənmə tarixi: 01.07.2019

Arxiv üzrə axtarış