İqtisadi əməkdaşlığa dair qısa arayış

Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabrında Macarıstana səfəri və səfər çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra sənədlər və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana baş tutmuş səfəri ikitərəfli  iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.

İqtisadi əlaqələrin inkişaf etdirilməsində Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyası vacib mexanizm hesab edilə bilər. Azərbaycan tərəfdən Komissiyanın həmsədri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir, Macarıstan tərəfdən xarici işlər və ticarət naziri Peter Siyyartodur. İndiyədək Komissiyanın 9 iclası keçirilmişdir. 

Həmçinin, kənd təsərrüfatı və qida sənayesi, rabitə və informasiya texnologiyaları sahələrində əlaqələrin genişləndirilməsi üçün yaradılmış işçi qruplar səmərəli fəaliyyət göstərir. 2014-cü ilin 11 noyabr tarixində AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycanda Regional Data Mərkəzinin yaradılması sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır. Son dövrdə ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq ön plana çıxmışdır.

Enerji təhlükəsizliyi sahəsində də əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Macarıstan tərəfi Azərbaycanın təşəbbüsü və bilavasitə yaxından iştirakı ilə gerçəkləşməkdə olan Cənub Qaz Dəhlizinə maraq nümayiş etdirməkdədir. Həmçinin, Azərbaycanın SOCAR və Macarıstanın MOL neft şirkətləri arasında səmərəli əməkdaşlıq mövcuddur.

İki ölkənin iş adamlarının yaxından iştirakı ilə istər Azərbaycanda, istərsə də Macarıstanda təşkil edilən biznes forumlar da iqtisadi əlaqələrin dərinləşdirilməsinə, ticarət dövriyyəsinin artmasına öz töhfəsini verməkdədir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə, Mərkəzi Avropa ölkələri, o cümlədən Macarıstan üzrə Ticarət Nümayəndəliyi təsis olunmuş və Nemət Nağdəliyev ticarət nümayəndəsi təyin edilmişdir.

Həmçinin, Macarıstanın Milli Ticarət Evinin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.

 

 

Arxiv üzrə axtarış