2018

Elm, təhsil, kitab nəşri 

2018-ci ildə Azərbaycan Tərcümə Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixində mühüm xidmətləri olmuş Əlimərdan bəy Topçubaşovun “....Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı çapdan çıxmışdır. AXC-nin 100 illiyi ərəfəsində işıq üzü görmüş və görkəmli xadimin məqalələrinin, nitqlərinin, səfər qeydlərinin, diplomatik yazışmalarının, tarixi araşdırmalarının və bədii publisistikasının daxil edildiyi kitabı Rus dilindən tərcümə edən, əhatəli ön söz və geniş izahlar yazan səfir Vilayət Quliyevdir. 

Yanvarın 26-da Macarıstanın  Balaşşaqyarmata şəhərində məşhur macar şairi İmre Madaçın azərbaycanlı ədəbiyyatşünas Rasim Müzəffərli və macar azərbaycanşünası, Bakı Dövlət universitetində Azərbaycan filologiyası üzrə təhsil almış Mariya Keneşi tərəfindən Azərbaycan dilinə birgə tərcümə olunmuş "İnsanın faciəsi" kitabının təqdimat mərasimi keçirilmişdir. 

26 aprel tarixdə Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən bu ölkənin nüfuzlu universitetlərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda  Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransa Budapeşt şəhərində akkreditə olunmuş bir sıra dövlətlərin diplomatları Macarıstanın rəsmi qurumlarının nümayəndələri və 32 ölkədən olan 100-ə yaxın gənc alimlər qıtılmışdır.

Tədbirdə fəxri qonaq qismində Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev, bu ölkənin Xarici İşlər və Ticarət Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Laslo Vasa və Varşava Təbiət Elmləri Universitetinin professoru Mixal Vieleçovski iştirak etmişdir. 

2 may tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin Böyük zalında Azərbaycanın tanınmış yazıçı-publisisti, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı trilogiyasının macar dilinə tərcümə edilmiş  iki cildinin işıq üzü görməsi ilə əlaqədar təqdimat mərasimi təşkil edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş tədbirdə macar alim və ədibləri, Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, jurnalistlər, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanlı tələbələr iştirak etmişdir.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açılış nitqi ilə çıxış edərək, kitabın müəllifi Elmira Axundovanı, həmçinin kitabı macar dilinə tərcümə edən Tamaş Varhedini qonaqlara təqdim etmişdir. Diplomatik nümayəndəliyin rəhbəri dahi siyasətçinin ömür yolundan, Heydər Əliyevin komandasında və rəhbərliyi altında çalışdığı dövrdən bəhs etmişdir.

Sonra müəllif Elmira Axundova tədbir iştirakçıları qarşısında çıxış edərək, görkəmli dövlət xadiminin parlaq həyatı, xüsusilə 1991-93-cü illərdə ölkə üçün çətin anlarda – hərc-mərclik, anarxiya dövründə ən yadda qalan epizodlar barədə danışmışdır. O, həmçinin, Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədləşdirilməsi məqsədilə gələcək yaradıcılıq planlarından danışaraq yeni kitablarının adlarını açıqlamışdır.

22 may tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabı macar dilinə tərcümə edilərək nəşr olunmuşdur. Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev tərəfindən tərtib olunmuş və müqəddimə yazılmış kitabda Azərbaycan Parlamentinin sədri  Ə.M.Topçubaşovun rəhbərliyi altında 1919-1020-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri – “Qafqaz Azərbaycan Cümhuriyyətinin Paris Sülh konfransında tələbləri” adlı sənədin Səfirlik tərəfindən macar dilinə tərcümə edilmiş mətni yer almışdır. Kitab həmçinin oxucularını nümayəndə heyətinin sonrakı həyatı barəsində məlumatlandırır. 

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edilməsi çərçivəsində         27 may tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü, təşkilatı dəstəyi və bu ölkədə təhsil alan 150-dək Azərbaycanlı tələbələrin yaxından iştirakı ilə Budapeşt  şəhərinin Qəhrəmanlar meydanından Azərbaycan  Səfirliyinə doğru dinc yürüş təşkil edilmişdir. Yürüş zamanı ilk olaraq, üzərində “Azərbaycan Respublikası - 100 il” yazılmış ağ köynəklər geyinmiş 100 tələbənin iştirakı ilə Qəhrəmanlar meydanında Azərbaycan bayrağının rənglərini və 100 rəqəmini nümayiş etdirən “fleşmob” təşkil edilmişdir. Sonra tələbələr Azərbaycan himnini ucadan oxuyaraq, yerli əhalinin və turistlərin intensiv hərəkət etdiyi Andraşi prospekti ilə Səfirliyə dinc yürüşə start vermişlər. Son dərəcə möhtəşəmliyi ilə diqqət çəkən yürüşdən sonra Səfirliyin böyük zalında tələbələrlə görüş təşkil edilmişdir.

Tədbir Azərbaycan Dövlət Himninin canlı ifası ilə başlamışdır. Səfir Vilayət Quliyev tələbələr qarşısında çıxış edərək, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili elan edildiyini bildirmiş və bununla əlaqədar olaraq Səfirlik tərəfindən müəyyənləşdirilmiş tədbirlər planı çərçivəsində bu yürüşün təşkil edildiyini qeyd etmişdir. Səfir V.Quliyev Azərbaycan dövlətçilik tarixinin ən şərəfli dövrlərindən olan 1918-1920-ci illərdə baş vermiş hadisələr barədə tarixi mənbələr və öz elmi araşdırmaları əsasında geniş məlumat vermişdir. 

01-03 iyun tarixlərdə Budapeşt şəhərində Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Macarıstan-Azərbaycan Gənclər Birliyinin birgə təşkilatçılığı ilə  bu ölkədə yaşayan Azərbaycan gənclərinin yerli cəmiyyətə, dövlət və özəl strukturlara, eləcə də siyasi dairələrə inteqrasiyası mövzusunda konfrans keçirilmişdir. 

7 dekabr  tarixdə məşhur macar türkoloqu, akademik Corc Hazainin (Gyorgy Hazai) ev muzeyində Səfir Vilayət Quliyevin macar, ingilis və fransız dillərində nəşr olunmuş “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə alim-türkoloqlar, Macarıstan Xarici İşlər və Ticarət nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olmuş diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan Diasporunun təmsilçiləri, Azərbaycanlı tələbələr, yerli jurnalistlər iştirak etmişlər.

Tədbirdə çıxış edən səfir Vilayət Quliyev, Azərbaycan Demokratik Respublikasının fəaliyyəti barədə ətraflı məlumat təqdim etmiş, müəllifi olduğu kitabda Paris Sülh Konfransına ezam edilmiş Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin gənc respublikanın beynəlxalq miqyasda tanınması istiqamətində keşməkeşli və şərəfli fəaliyyəti barədə məlumatların yer aldığını qeyd etmişdir. 

2018-ci il ərzində səfir Vilayət Quliyevin tərtib, tərcümə, müqəddimə, redaktə və elmi məsləhəçiliyi ilə aşağıdakı kitablar nəşr olunmuşdur:

  1. Ə.Topçubaşov. Xalqımızın müstəqil yaşayacağına inanırdıq. Tərtib, tərcümə, müqəddimə, izah və şərhlər. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 2018-ci il.
  2. Ə.Topçubaşov. Azərbaycanın mənafeyini qoruyacağıq. Tərtib, tərcümə, müqədimə, izah və şərhlər. Bakı, Qanun nəşriyyatı, 2018-ci il.
  3. Qafqaz Azərbaycanı nümayəndə heyətinin Paris sülh konfransından tələbləri. Tərtib, tərcümə, müqəddimə, izah və şərhlər. Bakı, Qanun nəşriyyatı, 2018-ci il.
  4. "Kaspi"dən seçmələr. Tərtib, tərcümə, müqəddimə, izah və şərhlər. Bakı, "Kaspi" qəzetinin nəşriyyatı, 2018-ci il.
  5. Азербайджанская Республика. Санкт-Петербург, elmi məsləhətçi və kitabın müəlliflərindən biri.      

Mədəniyyət, incəsənət 

27 yanvar tarixdə Budapeştdə fəaliyyət göstərən Mərkəzi Avropa Universitetində 14-cü ənənəvi Mədəniyyətlərarası Festival keçirilmişdir. Tədbirdə xarici tələbələrin iştirakı ilə milli musiqi və rəqslər nümayiş etdirilmiş, habelə beynəlxalq kulinariya müsabiqəsi keçirilmişdir. Adıçəkilən universitetdə təhsil alan Azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini nümayiş etdirmişlər. Səfirliyin dəstəyi ilə təşkil edilmiş Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

19 mart tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Novruz  bayramı münasibətilə tədbir təşkil edilmişdir. Tədbirə Macarıstanda təhsil alan yüzə yaxın azərbaycanlı və 50-dək xarici tələbələr qatılmışdır. Tədbirdə çıxış edən Səfir V.Quliyev, qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırmış və bayramın adət-ənənələri barədə məlumat vermişdir. Tədbirdə Azərbaycanın milli şirniyyatlarından ibarət zəngin süfrə açılmış, samovar çayı dəmlənmiş və səfirliyin həyətində Novruzun əsas atributlarından biri olan tonqal qalanmışdır. 

14 aprel tarixdə Macarıstanın Szeged şəhərində fəaliyyət göstərən Szeged Universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilmişdir. 230 qonağın iştirakı ilə keçirilən Beynəlxalq Gecədə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirmiş, habelə kulinariya müsabiqəsində iştirak etmişlər. Adıçəkilən universitetdə təhsil alan Azərbaycanlı tələbələr tədbir zamanı milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim etmişlər. 

17 may tarixdə Budapeşt şəhərinin tarixi hissəsində yerləşən məşhur qalereyada Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin dəstəyi ilə  tanınmış Azərbaycan fotorəssamı Əqdəs Bağırzadənin fərdi sərgisinin açılış mərasimi təşkil edilmişdir.

Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş və üç gün ərzində davam edən sərgidə müəllif dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”  operasının Bakı Kukla Teatrının səhnəsində nümayişi zamanı çəkdiyi maraqlı fotoları nümayiş etdirmişdir. 

30 may tarixdə, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən təşkil edilən tədbirlər çərçivəsində, Türkiyədə yaşayan azərbaycanlı rəssam, Səlcuq Universitetinin İncəsənət Fakültəsinin professoru İlham Ənvəroğlunun  Budapeşt şəhərinin mərkəzi hissəsində yerləşən Yunus Emre İnstitutunda “Şərqdən Qərbə Hun-Türk simvolları və rəmzləri” adlı fərdi sərgisinin açılış mərasimi baş tutmuşdur. 

10-12 avqust tarixlərdə Macarıstanda fəaliyyət göstərən Turan Fondunun təşkilatçılığı ilə bu ölkənin Buqats bölgəsindəki Kişkunşak Milli parkında 6-cı hun-türk qurultayı keçirilmişdir.Qurultayın rəsmi açılış mərasimində Macarıstan Parlamentinin spikeri Laslo Köver, Turan Fondunun rəhbəri Andraş Biro və əcnəbi nümayəndə heyətlərinin təmsilçiləri çıxış etmişlər. Tədbirə qatılan səfir Vilayət Quliyev açılış mərasimində çıxış etmişdir. Qurultayda həmçinin Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva və ölkəmizi təmsil edən incəsənət xadimləri iştirak etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Yunus Emre İnstitutunun dəstəyi ilə qurulmuş birgə çadırda Türkiyədə yaşayan Azərbaycanlı rəssam İlham Ənvəroğlunun fərdi sərgisi təşkil edilmiş, habelə Azərbaycan suvenirləri və tətbiqi sənət nümunələri nümayiş etdirilmiş və tədbirə qatılan Azərbaycanlı musiqiçilər musiqi proqramı ilə çıxış etmişlər.

2 dekabr tarixdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində təşkil olunmuş sayca səkkizinci diplomatik xeyriyyə bazarında iştirak etmişdir. Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Respublikası prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri  iştirak etmişdir.

Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunmuşdur. Azərbaycan milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gəlmiş qonaqlara təqdim edilmişdir.

Yenilənmə tarixi: 01.07.2019

Arxiv üzrə axtarış