2017-11-27

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Budapeşt şəhərində diplomatik xeyriyyə bazarında iştirak etmişdir

26 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi Budapeşt şəhərində yerləşən “İntercontinental” otelində sayca yeddinci diplomatik xeyriyyə bazarında iştirak etmişdir.

Macarıstan ictimaiyyətinin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Respublikası prezidentinin xanımı Anita Herseqin himayədarlığı altında keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri  iştirak etmişdir.

Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunmuşdur. Azərbaycan milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər tədbir iştirakçılarına təqdim edilmişdir. Yarmarkada iştirak edərək milli guşələrə baş çəkən prezident xanımı A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşmış və Azərbaycan stendi ilə bağlı xoş təəssüratlarını dilə gətirmişdir.

Xeyriyyə bazarında Azərbaycan suvenirlərinin, şirniyyat və ərzaq məhsullarının satışından 121 500 macar forinti (mövcud kursla 400 avro) vəsait əldə edilmiş və müxtəlif yardım fondlarına köçürülməsi üçün təşkilat komitəsinə təhvil verilmişdir.

Tədbirin mədəni hissəsi zamanı səfirliyin əməkdaşının qızı, gimnastika üzrə bir sıra beynəlxalq yarışların qalibi olmuş Mina Abbasova çıxış etmişdir.

Macar dövlət televiziyasının “MT1” kanalı tərəfindən tədbirin çəkilişi zamanı jurnalist ölkəmizə həsr olunmuş guşəyə yaxınlaşaraq Azərbaycanın milli mətbəxi və suvenirləri haqda ətraflı müsahibə almışdır.

Arxiv üzrə axtarış