2017-12-08

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu.

Nazirlər iki ölkə arasında gündəlikdə olan məsələlərə nəzər saldılar və müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apardılar. Tərəflər, həmçinin, Azərbaycanla Macarıstan arasında təhsil sahəsində son illər əldə edilən uğurları təqdir etdilər.

Azərbaycanla Macarıstan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyinə toxunan nazirlər, bu istiqamətdə səylərin artırılacağını bildirdilər.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən, xüsusən də bu xüsusda dünən baş tutan görüşlərindən söz açdı və münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirdi.

Görüşdən sonra Nazirlər Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Hökuməti arasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları haqqında saziş və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramını imzaladılar.

Arxiv üzrə axtarış