2018-02-12

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir

9 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi təşkil edilmişdir.

“Azərbaycan Gənclər Fondu”nun təşəbbüsü və Səfirliyin dəstəyi ilə gerçəkləşən  müsabiqə Macarıstanda təhsil alan yerli və xarici tələbələr arasında keçirilmişdir.

Tədbir Azərbaycana dair video çarxın nümayişi ilə başlamış, sonra açılış nitqi ilə çıxış edən Səfirliyin müşaviri Zaur Şükürov müsabiqə barədə ümumi məlumat vermiş və bu yarışmanın müasir Azərbaycanın reallıqları, qədim və zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi, mətbəxi, gözəl təbiəti barədə məlumat əldə etməyə imkan verdiyini məmnunluqla qeyd etmişdir. Bu kimi müsabiqələrin Səfirlik tərəfindən mütəmadi olaraq təşkil edildiyini bildirən Z. Şükürov Macarıstanda təhsil alan yerli və xarici tələbələrin gələcəkdə də belə tədbirlərdə yaxından iştirak edəcəyinə ümidini ifadə etmişdir.

Daha sonra, “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsinin layihə rəhbəri,  “Budapest Business School” ali təhsil müəssisəsinin tələbəsi Xavər Ələkbərli müsabiqə barədə ətraflı danışmış və Azərbaycana dair təqdimatla çıxış etmişdir. X.Ələkbərli təqdimatı zamanı Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, turizm məkanları, milli mətbəxi barədə məlumat vermiş, habelə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonlarının Ermənistan tərəfindən işğalı faktına diqqəti çəkmişdir.

Sonda, “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi baş tutmuşdur. Müsabiqənin qalibi adını qazanmış “Budapest Business School” ali təhsil müəssisəsinin tələbəsi Bedrettin Gurcan Azərbaycana bir həftəlik səyahət paketi ilə mükafatlandırılmışdır. İkinci yerə layiq görülmüş “National University of Public Service adlı təhsil ocağının tələbəsi Szilvia Simon Erika “WizzAir” aviaşirkətinin vauçeri ilə təltif olunmuşdur. Digər yerləri tutan müsabiqə iştirakçılarına da müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.

Arxiv üzrə axtarış