2018-02-23

Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev Gyor şəhərində fəaliyyət göstərən Szecheny İstvan Universitetinə səfər edib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Səfirliyin tərtib etdiyi tədbirlər planı çərçivəsində 22 fevral tarixdə Macarıstanın Gyor şəhərində fəaliyyət göstərən Szecheny İstvan Universitetində tədbir təşkil edilib. Sözügedən tədbirdə iştirak etmək məqsədilə səfir Vilayət Quliyev Gyor şəhərinə səfərdə olub.

Səfər çərçivəsində səfir V.Quliyev adıçəkilən Universitetin rektoru Professor Peter Földeşi ilə görüş keçirib. Görüş zamanı P. Földeşi rəhbərlik etdiyi təhsil ocağı və burada təhsil alan azərbaycanlı tələbələr haqda ətraflı məlumat verib. O, bildirib ki, dünya miqyaslı “AUDİ” avtomobil şirkətinin ən böyük müəssisələrindən biri Gyor şəhərində yerləşir və həmin zavodun yüksək ixtisaslı kadrları bu universitetdə mühazirələr oxuyur. Universitetin məzunları isə təhsillərini başa vurduqdan sonra rahatlıqla “AUDİ” şirkətində çalışa bilir.

 Universitetin rektoru tədris ocağında azərbaycanlı tələbələrin də təhsil aldığını və onların ümumi statistikaya əsasən dərs yükünün öhdəsindən bacarıqla gəldiklərini, universitetin mədəni həyatında fəal iştirak edərək, ölkələrini layiqincə təmsil etdiklərini məmnunluq hissi ilə qeyd edib. Həmçinin, universitetin fakültə və proqramlarına dair məlumat təqdim edilərək, 13 nəfər Azərbaycanlı tələbənin bu universiteti seçdiyini məmnunluqla qeyd olunub.

Səfir V.Quliyev öz növbəsində iki ölkə arasında humanitar əməkdaşlıq məsələlərindən söz açaraq, mövcud yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin digər sahələrə də sirayət etdiyini, xüsusilə də son illər elm və təhsil sahəsində əlaqələrin dərinləşməsi istiqamətində səmərəli iş aparıldığını məmnunluqla qeyd edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında imzalanmış İş Proqramları çərçivəsində hər il 200-dək Azərbaycanlı gəncin bu ölkənin ali məktəblərində təhsil almağa göndərilməsinin bunun göstəricisi olduğunu vurğulayan səfir V.Quliyev, artıq özünü doğrultmuş bu əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.

Görüş əsnasında, qarşı tərəfin diqqəti Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə çəkilərək, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, terror və soyqırımı aktları törətdiyi və Ermənistan dövlətinin hələ də bu əməllərindən əl çəkmədiyi vurğulanıb. Bu dövlətin silahlı birləşmələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı törədikləri və  dinc əhalini vəhşicəsinə qətlə yetirildiyi qeyd olunaraq, dünya ictimaiyyətinin ermənilərin bu əməllərinə hüquqi qiymət verməli olduğu bildirilib.    

Daha sonra səfir V.Quliyev Azərbaycanlı tələbələrlə görüşərək, onların təhsili və yataqxana şəraiti ilə maraqlanıb, tələbələri ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələrinin və milli mətbəxinin təbliği istiqamətində fəal olmağa çağırıb.

Səfir V.Quliyev tələbələrə cari ildə Azərbaycan Demokratik Respublikasının, Azərbaycan Ordusunun və Azərbaycan Parlamentinin 100 illik yubileyinin qeyd ediləcəyini xatırladaraq bu məqsədlə səfirlik tərəfindən təşkil ediləcək tədbirlərdə onların yaxından iştirakını, habelə özlərinin yaşadıqları şəhərdə və təhsil aldıqları universitetdə tədbirlər təşkil etməsini tövsiyə edib.

Həmçinin, 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin təşkil olunmasının nəzərdə tutulduğu bildirilərək, tələbələri seçki prosesində fəal olmağa dəvət edilib.

Səfər çərçivəsində səfir V.Quliyev həmçinin Macarıstanın yerli Televiziya kanalına müsahibə verib.

     

Arxiv üzrə axtarış