2018-05-29

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə qəbul keçirib

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi mayın 28-də Budapeştin mərkəzində yerləşən tarixi "Korintia" otelinin böyük zalında Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə qəbul keçirib. Qəbulda Macarıstanın dövlət və hökumət rəsmləri, macar parlamentinin deputatları, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, mətbuat və ictimaiyyət təmsilçiləri, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.

Qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycan Cümhuriyyətinin yarandığı tarixi şərait, qısa dövr ərzində həyata keçirdiyi mühüm işlər, Cümhuriyyətin yaşayan və bu gün də davam etdirilən ənənələri haqqında ətraflı danışıb. Tədbirdə rəsmi qonaq qismində iştirak edən Macarıstan xarici işlər və xarici ticarət nazirliyi dövlət katibinin müavini xanım Petra Pana mühüm tarixi hadisə - bütün müsəlman Şərqində ilk Cümhuriyyətin 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb, qarşılıqlı dostluğa və strateji əməkdaşlığa əsaslanan macar-Azərbaycan dostluğunun genişlənməsindən söz açıb.

Səfirliyin macar, ingilis və fransız dillərində nəşr etdiyi "Azərbaycan Paris sülh konfransında" kitabı qəbul iştirakçıları arasında böyük maraq doğurub.

Budapeştdəki Ferent List Musiqi Akademiyasının məzunu, pianoçu Jalə Rəsulova və Vyana Musiqi Akademiyasının məzunu skripkaçı Fərid Fərzəliyev Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət böyük konsert proqramı ilə çıxış ediblər.

Qəbul iştirakçılarına Azərbaycan milli mətbəxinin də geniş təmsil olunduğu ziyafət verilib.

Arxiv üzrə axtarış