2018-05-31

Türkiyədə yaşayan azərbaycanlı rəssam İlham Ənvəroğlunun Macarıstanın paytaxtı Budapeşt şəhərində fərdi sərgisinin açılış mərasimi baş tutub

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən təşkil edilən tədbirlər çərçivəsində 30 may tarixdə Budapeşt şəhərinin mərkəzi hissəsində yerləşən Yunus Emre İnstitutunda Türkiyədə yaşayan azərbaycanlı rəssam, Səlcuq Universitetinin İncəsənət Fakültəsinin professoru İlham Ənvəroğlunun  “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisinin açılış mərasimi baş tutub. 

Səfirliyin təşəbbüsü və təşkilatı dəstəyi ilə keçirilən və 150 nəfərədək dəvətlinin qatıldığı açılış mərasimində Budapeşt şəhərində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin və KİV-in nümayəndələri, Azərbaycan diasporunun üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib. 

Tədbirdə Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ilin ölkəmizdə Cümhuriyyət ili elan edildiyini və bununla əlaqədar Səfirlik tərəfindən silsilə tədbirlər təşkil olunduğunu qeyd edib və bu sərginin də məhz həmin tədbirlər planı çərçivəsində baş tutduğunu bildirib. 1995-ci ildən qardaş Türkiyədə yaşayıb-yaradan rəssam İlham Ənvəroğlu haqqında məlumat verən səfir Vilayət Quliyev onun bu müddət ərzində bir sıra uğurlara imza atdığını və 2011-ci ildə Macarıstanda keçirilən rəsm sərgilərinin qalibi olduğunu deyib. Səfir İ.Ənvəroğlunun türk tarixinin, mədəniyyətinin, incəsənətinin qədimliyini, zənginliyini  rənglərin dili ilə çatdırdığını və bu missiyanın öhdəsindən uğurla gəldiyini  söyləyib. 

Tədbirdə həmçinin Türkiyənin Macarıstandakı səfiri Akif Oktay və Yunus Emre İnstitunun direktoru Yakub Gül çıxış edərək, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb və ümumi tariximiz və mədəniyyətimiz barədə məlumatların bu kimi mədəni tədbirlər vasitəsi ilə çatdırılmasının əhəmiyyətini qeyd edib. Natiqlər rəssam İlham Ənvəroğlunun da öz rəsm əsərləri vasitəsi ilə bu məsul vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə və hazırkı sərginin uğur  qazanacağına inandığını söyləyib. 

Sonda rəssam İlham Ənvəroğlu çıxış edərək, fərdi sərgisinin təşkil edilməsində göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan səfirliyinə minnətdarlığını ifadə edib və bu sərginin doğma Vətəni Azərbaycanın 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində baş tutmasından sonsuz qürur duyduğunu diqqətə çatdırıb. Öz yaradıcılığı barədə danışan rəssam Asiyadan Anadoluyadək türk tarixini, mədəniyyətini, adət-ənənələrini, bu geniş bölgənin sirli dünyasını rəsmlərinin və istifadə etdiyi rənglərin dili ilə çatdırmağa çalışdığını və bu  işi necə bacardığını seyrçilərinin öhdəsinə buraxdığını bildirib. 

Qonaqlar tərəfindən son dərəcə maraqla qarşılanan sərgi yerli mətbuatda da işıqlandırılıb. 15 gün davam edəcək sərginin Macarıstanın digər iri şəhərlərində də nümayiş etdirilməsi planlaşdırılır.

Arxiv üzrə axtarış