2018-12-08

Səfir V.Quliyevin “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabının təqdimat mərasimi keçirilib

7 dekabr tarixdə məşhur macar türkoloqu, akademik Dyörd Xazainin (Gyorgy Hazai) ev muzeyində Səfir Vilayət Quliyevin macar, ingilis və fransız dillərində nəşr olunmuş “Azərbaycan Paris Sülh Konfransında” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə alim-türkoloqlar, Macarıstan Xarici İşlər və Ticarət nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olmuş diplomatik korpusun, yerli ictimaiyyətin, Azərbaycan Diasporunun təmsilçiləri, Azərbaycanlı tələbələr, yerli jurnalistlər iştirak edib.

Akademik Gyorgy Hazainin qızı, Dyörd Xazai türkoloji kitabxanasının təsisçisi və direktoru Sesiliya Xazai (Cecilia Hazai) tədbiri giriş nitqi ilə açaraq, 2018-ci ilin Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ilə əlamətdar olduğunu bildirib. O, müstəqilliyini iki ilə yaxın bir müddət ərzində qoruyub saxlaya bilmiş Azərbaycan Demokratik Respublikasının tarixi ilə bağlı dəyərli tədqiqatlar aparan səfir Vilayət Quliyevin bu istiqamətdə növbəti kitabının macar dilinə tərcümə edildiyini diqqətə çatdırmış və həmin kitabın təqdimat mərasiminin təsisçisi olduğu Hazai kitabxanasında təşkil edilməsindən məmnunluğunu ifadə edib.

Sonra səfir Vilayət Quliyev çıxış edərək, Azərbaycan Demokratik Respublikasının fəaliyyəti barədə ümumi məlumat təqdim etmiş, həmin dövrdə çox böyük çətinliklər qarşısında qalan respublikanın paytaxtı Bakının erməni-bolşevik işğalı altında olduğunu, buna baxmayaraq 100 il öncə, 7 dekabr tarixində müsəlman şərqində ilk demokratik respublika quran Azərbaycanın parlamentinin birinci iclasının keçirilməsinə nail olduğunu diqqətə çatdırıb. 80 azərbaycanlının, o cümlədən ölkədəki bir çox xalqların nümayəndələrin də təmsil olunduğu 120 yerlik Parlamentin 1920-ci ilin 27 aprel tarixinə - bolşevik işğalına qədər fəaliyyət göstərdiyini qeyd edən səfir, qısa müddət ərzində qanunverici orqanın 145 iclas keçirdiyini və 300-dək qanun layihəsinə baxıldığını vurğulamış, məhz bu qanunların Azərbaycanın müstəqil dövlət kimi ayaq üstə durmasına təkan verdiyini bildirib.

O dövrdə gənc respublikanın beynəlxalq miqyasda tanınması üçün bütün imkanlardan istifadə edildiyini və nəticədə ölkənin de-fakto tanındığını bildirən səfir, müəllifi olduğu kitabda Paris Sülh Konfransına ezam edilmiş Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin bu istiqamətdə keşməkeşli və şərəfli fəaliyyəti barədə məlumatların yer aldığını qeyd edib.

Daha sonra Macarıstan Türkoloji Araşdırmalar fondunun sədri, Macarıstanın Türkiyə Cümhuriyyətindəki sabiq səfiri Yanoş Hovari (Janos Hovari) çıxış edərək, Qurban Səidin “Əli və Nino” kitabına istinad edib. Həmin kitabdan sitatlar səsləndirən natiq, o dövrdə öz müstəqilliyini qurmuş Azərbaycan xalqının necə böyük ruh yüksəkliyi keçirməsinin həmin kitabda təsdiqini tapdığını bildirib. Səfir V.Quliyevin müəllifi olduğu “Azərbaycan Paris Sülh Konfransında” kitabının o dövrkü hadisələrə işıq salması baxımından əhəmiyyətli bir araşdırma olduğunu deyən Yanoş Hovari, bu kitabın macar tədqiqatçıları tərəfindən maraqla qarşılalanacağını bildirib.

Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri Akif Oktay çıxış edərək, Azərbaycan Demokratik Respublikasının keçdiyi şərəfli yol barədə fikirlərini bölüşmüş və gənc respublikanın mövcud olduğu qısa və çətin dövrdə türklərin azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulamışdır. O dövrdə Azərbaycan Demokratik Respublikasının qadınlara seçki hüququ verdiyini deyən Türkiyə səfiri belə bir hüququn nəinki Türkiyədə, hətta inkişaf etmiş Avropa ölkələrində də hələ tanınmadığını qeyd etmişdir.

Kitabın tərcüməçisi Tamas Varhegyi adıçəkilən kitab barədə fikirlərini bölüşərək, tərcümə prosesində Azərbaycan Demokratik Respublikasının fəaliyyəti ilə bağlı maraqlı faktlarla qarşılaşdığını qeyd etmiş və kitabın macar oxucularının diqqətini cəlb edəcəyinə əminliyini ifadə etmişdir.

Təqdimat mərasimi yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

      

Arxiv üzrə axtarış