2019-03-07

Macarıstanın Sekeşfehervar şəhərinin “Rakoçi Ferenç” adına məktəbdə Azərbaycana dair təqdimat keçirilib

Macarıstanın Sekeşfehervar şəhərinin “Rakoçi Ferenç” adına ingilis dili təmayüllü məktəbin dəvəti əsasında səfirliyin birinci katibi Emil Rəhimov və Səfirlikdə təcrübə keçən Samirə Rəhimova cari ilin 6 mart tarixində adıçəkilən şəhərə ezam olunub.

Tədbirdən öncə E.Rəhimov məktəb tərəfindən dəvət olunmuş yerli televiziyaya qısa müsahibə vermiş və səfərinin məqsədini açıqlayıb.

Sonra səfirliyin əməkdaşı 50 nəfərlik auditoriyanın qarşısında prezentasiya ilə çıxış edərək, Azərbaycanın coğrafi mövqeyi, qədim tarixə malik zəngin mədəniyyəti, incəsənəti, mətbəxi, milli bayramları, cəlbedici turistik imkanları, habelə səfirliyimizin bu ölkədəki fəaliyyəti və Azərbaycan-Macarıstan münasibətləri haqqında ətraflı məlumat verib.

Diplomat çıxışı zamanı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzkar  siyasəti nəticəsində  Vətənimizin 20 faizdən çox ərazisinin işğal altında olması, 1 milyondan çox qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarından didərgin düşməsi faktına xüsusilə diqqət çəkərək, istər Ermənistanda, istərsə də işğal olunmuş ərazilərimizdə mədəni, tarixi və dini abidələrimizin erməni vandalları tərəfindən dağıdıldığını, tolerantlıq nümunəsi olan Azərbaycanda isə əksinə müxtəlif millətlərin və dinlərin sülh və əminamanlıq şəraitində, əsrlər boyu birgə mövcud olduğunu bildirib.

Qeyd edilməlidir ki, prezentasiya şagirdlər tərəfindən maraqla qarşılanmış və onların çoxsaylı sualları cavablandırılıb.

Prezentasiyadan sonra, Novruz bayramının rəmzləri barədə ətraflı məlumat verilmiş və milli şirniyyatlarımızdan ibarət xonçalar səfirliyin adından şagird və müəllim heyətinə təqdim olunub.

Tədbir çərçivəsində məktəbin rəhbərliyi ilə görüş baş tutmuş və təhsil sahəsində əməkdaşlıq, o cümlədən iki ölkənin məktəbləri arasında əlaqələrin qurulması imkanları müzakirə edilib.

     

Arxiv üzrə axtarış