2019-04-26

Əli və Nino filminin Budapeşt şəhərində nümayişi keçirilib

25 aprel 2019-cu il tarixdə müəllifliyi Qurban Səidə istinad edilən dünya bestsellerinin eyniadlı romanı əsasında ekranlaşdırılan və prodüserinin Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva olduğu “Əli və Nino” filminin Budapeştdə nümayişi keçirilib.

Azərbaycanın Macarıstandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan və Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, mədəniyyət və kino sahəsində fəaliyyət göstərən ictimaiyyət nümayəndələri, Azərbaycan diaspora üzvləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin qatıldığı tədbirdə həmçinin, Macarıstanda səfərdə olan Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbiri Azərbaycan Respublikasının Macarıstandakı səfiri Vilayət Quliyev açaraq filmin süjet xətti barədə danışıb və əsərin müəllifi Qurban Səidin həyat və yaradıcılığı haqqında məlumat verib. Səfir filmin süjet xəttini təşkil edən romanın qəribə taleyi, onun XX əsrin əvvəllərindəki Azərbaycan həyatını gerçəklərini əks etdirdiyini, ilk Azərbaycan Cümhuriyyətinin tarixinə işıq saldığını xüsusi vurğulayıb. Səfir, müəllifliyi indi də mübahisə doğuran romanın 30-dan çox dilə, o cümlədən macar dilinə də tərcümə olunduğunu, “Əli və Nino” filminin də eyni dərəcədə maraq doğuracağına ümid etdiyini bildirib.    

Film seyrçilər tərəfindən son dərəcə maraqla qarşılanıb.

  

Arxiv üzrə axtarış