2019-05-06

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin əməkdaşları Macarıstanın Vaşad qəsəbəsində dəfn olunmuş Sovet İttifaqı qəhrəmanı Mirzə Vəliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasının Macarıstandakı  Səfiri Vilayət Quliyev və Səfirliyin əməkdaşları Macarıstanın Vaşad qəsəbəsinə səfər edib. Səfərin məqsədi Vaşad qəsəbəsində Səfirlik və Qardaşlıq Macar-Azəri Cəmiyyətnin birgə səyi nəticəsində məzarı aşkar edilmiş həmyerlimiz, Sovet İttifaqı qəhrəmanı Mirzə Vəliyevin xatirəsinin yad edilməsi olub.

Anım mərasimində Vaşad qəsəbəsinin meri Marton Yojef Zoltan  və Qardaşlıq Macar-Azəri Cəmiyyətinin sədri Ramiz Əmirli, habelə Azərbaycan diasporunun üzvləri  iştirak edib.

V.Quliyev İkinci Dünya müharibəsi zamanı Alman faşistlərinə qarşı  Macarıstan ərazisində gedən döyüşlərdə  həlak olmuş həmyerlimiz haqqında geniş çıxış etmiş və  Azərbaycan oğullarının müharibə illərində göstərdiyi şücaətdən qürur duyduğunu bildirib.

Mərasimdə Vaşad qəsəbəsinin meri Marton Yojef Zoltan çıxış edərək Azərbaycanlı Sovet İttifaqı qəhrəmanının Məzarının vaxtaşırı olaraq ziyarət edildiyini diqqətə çatdırıb və Azərbaycan Səfirinin məhz bu məqsədlə Vaşad qəsəbəsinə gəlməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. Mer Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakının Azərbaycan hökumətinin öz qəhrəman övladlarına diqqət və qayğının göstəricisi olduğunu vurğulayaraq, bu məzarın gələcəkdə də ziyarət ediləcəyinə ümidvar olduğunu bildirib.

Səfir V.Quliyev Səfirliyin adından qəhrəmanımızın məzarı önünə əklil qoymuş, həmçinin ziyarətdə iştirak edən qonaqlar məzarın üzərinə gül dəstələri düzüb.

Azərbaycanın İctimai Televiziya və Radio yayımları şirkətinin çəkiliş qrupu da  məzarın ziyarəti mərasimində iştirak etmiş və tədbiri lentə alıb.

Səfər çərçivəsində həmçinin Səfir V.Quliyev adıçəkilən şəhərin bələdiyyə şurasında görüş keçirib. Görüşdə Vaşad qəsəbəsinin  küçələrindən birinə Mirzə Vəliyevin adının verilməsi ilə bağlı məsələ müzakirə olunub. Qarşı tərəf həmvətənimizin doğulduğu  Qusar rayonu ilə daha sıx əməkdaşlıq qurmaq arzusunda olduğunu bildirmiş və səfir Vilayət Quliyev cavab olaraq bu istiqamətdə səfirlik tərəfindən lazımi dəstək göstərilə biləcəyini diqqətə çatdırıb.

Arxiv üzrə axtarış