2021-07-23

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana rəsmi səfəri

İyunun 28-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərinə gəlib. “Budapeşt Liszt Ferenc” hava limanında nümayəndə heyətimizi Macarıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki, Macarıstan parlamentinin Parlamentlərarası əlaqələr üzrə departamentinin rəhbəri Layoş Kohari, ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılamışlar.

Səfərin ilk günü - iyunun 28-də nümayəndə heyətinin üzvləri Azərbaycanın Macarıstandakı səfirliyinə gəlib, burada səfirlik əməkdaşları üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Deputatlarımız səfirlikdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyub, əməkdaşlarla səfirliyin fəaliyyəti barədə söhbətlər aparıblar.

Milli Məclisin Sədri iyunun 29-da Türk Şurasının Budapeşt nümayəndəliyinin ofisində "2021 - ci il - Nizami Gəncəvi ili"nə həsr  olunmuş tədbirdə iştirak edib. Tədbiri Türk Şurasının Budapeşt ofisinin rəhbəri Yanoş Hovari açaraq Spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb. O, Türk Şurası çərçivəsində əməkdaşlıqdan bəhs edərək Macarıstanın bu qurumda müşahidəçi qismində fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Sonra Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Andraş Baranye çıxış edərək Azərbaycanla-Macarıstan arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanın Macarıstan üçün qardaş və strateji tərəfdaş dövlət olduğunu vurğulayıb, münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edib. A.Baranye Türk Şurası çərçivəsində həyata keçirilən əməkdaşlığın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb. Milli Məclisin Sədrini salamlayan Baş nazir Macarıstana rəsmi səfərə gəldiyi üçün Spiker Sahibə Qafarovaya və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. İki ölkənin qanunverici orqanları arasında münasibətlərin də inkişaf etdiyini bildirən Viktor Orban dostluq qruplarının fəaliyyətini təqdir edib. Baş nazir bildirib ki, Macarıstan dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan Viktor Orban qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında bizim üçün əvəzedilməz rol oynayır. Səmimi qəbul üçün təşəkkürünü ifadə edən Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Baş nazirə çatdırıb. Spiker Milli Məclisin Sədri kimi Macarıstana ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. İki xalqın ortaq tarixi köklərə malik olduğunu bildirən Spiker qeyd edib ki, çoxsaylı dəyərlərimiz arasında oxşarlıqlar mövcuddur. Bu mənada ailə dəyərlərimizi xüsusi qeyd edə bilərik. Sədr bildirib ki, Azərbaycan onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Macarıstanla hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Dövlət müstəqilliyimizin bərpasından sonra iki ölkə arasında siyasi əlaqələr yeni səviyyəyə yüksəlib. Şübhəsiz ki, münasibətlərimizin bu səviyyəyə çatmasında Prezident İlham Əliyevlə sizin aranızdakı şəxsi münasibətlər də böyük rol oynayıb.

İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Macarıstanda səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ölkəmizlə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Milli Məclisin Sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki bu səfərin parlamentlərarası münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirib. Diqqətə çatdırıb ki, parlamentlər arasındakı münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində iyunun 30-da bu ölkənin Milli Assambleyasının Sədri Laszlo Kover ilə görüşüb. Milli Məclisin Sədrini və nümayəndə heyətini salamlayan Laszlo Kover onun dəvətini qəbul edərək Macarıstana səfərə gəldiyinə görə Azərbaycan parlament nümayəndə heyətinə təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti getdikcə artmaqdadır. Laszlo Kover dost və strateji tərəfdaş münasibətlərinə malik olan Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqları baxımından bir-birinə dəstək verirlər. Laszlo Kover Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA çərçivəsində türk dünyası ilə artan əməkdaşlıq ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib. Macarıstan Parlamentinin sədri çətin anlarda, o cümlədən pandemiya dövründə macar xalqına verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. "Bu dostcasına hərəkət bizim üçün çox dəyərlidir", - deyən L.Kover iki xalq arasında əlaqələrini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Macarıstana 28-30 iyun tarixlərində baş tutmuş rəsmi səfəri işgüzar və səmərəli görüşlərlə yadda qalıb.

 

Arxiv üzrə axtarış