2022-10-28

Beynəlxalq Şeirlər Müsabiqəsində iştirak şərtləri

2023-cü ildə böyük macar şairi Şandor Petöfinin anadan olmasının 200-cü ildönümü münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və Macarıstanın Lekitelek İctimai Liseyi tərəfindən Şeirlər Müsabiqəsi təşkil olunacaqdır.

1. Müsabiqədə iştirak etmək üçün hər bir iştirakçı Petőfinin qısa, lakin dərin mənalı “Azadlıq və Sevgi” (Szabadság szerelem) adlı şeirini, eləcə də məşhur şairin ən azı digər bir şeirini öz ana dilinə tərcümə edə bilməlidir. 
2. Şandor Petöfinin şeirləri rus, türk, ingilis və fransız dillərinə tərcümə olunub. Namizədlər arzu edərlərsə, şeiri öz ana dillərinə tərcümə etmək üçün mövcud tərcümələrdən istifadə edə və ya birbaşa macar dilində olan orjinal versiyaya istinad edə bilərlər.
3. Müsabiqə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan həm peşəkar, həm də həvəskar şairlərin iştirakı üçün açıqdır. Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
4. Hər ölkədən yalnız bir iştirakçı müsabiqənin Qran Prisini qazanacaq.
5. Hər bir iştirakçı ölkənin qalibinə verilən Qran Pri 2000 (iki min) ABŞ dolları olacaq.
6. Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 16 dekabr 2022-ci ildir.
7. Müsabiqənin qaliblərinin adları 20 Yanvar 2023-cü il tarixində ictimaiyyətə açıqlanacaqdır.
8. Mükafatlar qaliblərinə 15 mart 2023-cü ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində təqdim olunacaq. Mükafat qazanan şairlər müsabiqənin Təşkilat Komitəsi tərəfindən Budapeştdə qonaq ediləcəkdir.
Müsabiqə iştirakçılarından xahiş olunur ki, yuxarıda qeyd olunan şeirlərin tərcümələrini 16 dekabr 2022-ci il tarixinədək “Microsoft Word” sənədi kimi petofiturk@gmail.com ünvanına göndərsinlər. Nəzərə alın ki, bu tarixdən sonra göndərilən sənədlər qəbul edilməyəcək.
Müsabiqədə iştirak üçün təqdim olunmuş şeirlərin tərcümələri Müəlliflər Birliyinin nəzdində yaradılacaq Ekspert Komissiyası tərəfindən yoxlanılaraq mükafata layiq görülmüş tərcümələr seçiləcək. Macarıstanın aidiyyəti ölkələrdəki hər səfirliyindən mədəniyyət məsələləri üzrə məsul bir diplomat yuxarıda adı çəkilən Ekspertlər Komissiyasına daxil ediləcək.
Məşhur macar şairi Şandor Petöfinin xatirəsinə keçirəcəyimiz yuxarıda qeyd olunan müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

Arxiv üzrə axtarış